Otar Şamuqia - Qara dənizi çirkləndirməyə görə sanksiya sərtləşir, cərimə artırılır və 100.000 lari olur
Otar Şamuqia - Qara dənizi çirkləndirməyə görə sanksiya sərtləşir, cərimə artırılır və 100.000 lari olur

 
Qara dənizi çirkləndirməyə görə sanksiya sərtləşir, cərimə artırılır və 100.000 lari olur-bu barədə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia hökumət administrasiyasında keçirilən brifinqdə açıqlayıb.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən danışan Şamuqia həm ətraf mühitin çirklənməsinin azaldılması istiqamətində, həm də brakonyerliyə qarşı mübarizədə səmərəli addımların atılmasının vacibliyini də qeyd edib.

“Qara dənizin çirklənməsinə görə sanksiya sərtləşir. 65.000 lari cərimə 100.000 lariyə qədər artır. Brakonyerliyə qarşı mübarizədə səmərəli addımların atılması, digər ekoloji qanunların pozulması hallarının qarşısının alınması bizim üçün vacibdir. Bundan irəli gələrək, biz sanksiyaların sərtləşdirilməsi istiqamətində müəyyən tədbirlər görməliyik. Ətraf Mühitə Nəzarət Departamentinin fəaliyyətini daha səmərəli etmək üçün fəal şəkildə texniki təchizatı həyata keçiririk; Prevensiya vacibdir və artıq bu il biz bir neçə istiqamətdə, o cümlədən qeyri-qanuni meşə istifadəsi, ağacların əldə edilməsi və daşınması üzrə sanksiyaları sərtləşdirmişik. Bütün bunlar biomüxtəlifliyin maksimum qorunmasına xidmət edir”- deyə Otar Şamuqia açıqlayıb.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən açıqlandığı üzrə, Qara dənizin çirklənməsi faktlarının əksəriyyəti beynəlxalq gəmiçiliklə məşğul olan xarici dövlətin bayrağı altında üzən gəmilər tərəfindən törədilir.

“Ötən il Ətraf Mühitin Mühafizəsi Departamentinin Qara dənizin Mühafizəsi Konvensiyası Bölməsi tərəfindən aşkar edilmiş 63 qanun pozuntusundan 21-i Qara dənizin gəmilər tərəfindən çirkləndirilməsi faktıdır. 2023-cü ildə isə bugünkü göstəricilərə görə, 65 qanun pozuntusu aşkar edilib. Onlardan 16-da dəniz gəmilər tərəfindən çirklənib. Qara dəniz hövzəsi ölkələrinin beynəlxalq təcrübəsini təhlil edərək müəyyən edilib ki, Gürcüstanla müqayisədə bu ölkələrdə xeyli yüksək cərimə sanksiyaları tətbiq edilir. Müvafiq olaraq, dənizin çirklənməsi baxımından cərimələrin Qara dəniz hövzəsi ölkələri ilə uyğunlaşdırılması məqsədilə təqdim olunan layihə Qara dənizin çirklənməsinə görə cərimənin artırılmasını nəzərdə tutur. Gəmilər, digər üzən vasitələr, borular və ya dənizdə süni şəkildə tikilmiş konstruksiyalardan Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq dənizə zərərli, çirkləndirici maddələrin, istehsalat, texniki və ya digər növ tullantıların və/və ya materialların atılması, eləcə də onların basdırılması qaydalarının pozulması ilə dənizin çirklənməsinə görə cərimə 65 min laridən 100 min lariyə artırılır” – məlumatda qeyd edilir.