Otar Şamuqia - Kaxetidə üzüm məhsulunun əsas hissəsi, təxminən 222 min ton yığılıb
Otar Şamuqia - Kaxetidə üzüm məhsulunun əsas hissəsi, təxminən 222 min ton yığılıb

 

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia hökumət iclasından sonra məhsul yığımının gedişatını şərh edib və media nümayəndələrinin suallarını cavablandırıb.

Nazirin qeyd etdiyi üzrə, Kaxetidə üzüm məhsulunun təqribən 80 faizi artıq emal olunub və fermerlər üzümün qəbulu və emalı ilə təxminən 230 milyon lari gəlir əldə ediblər.

“Kaxetidə məhsul yığımı başa çatmaq üzrədir. Artıq məhsulun əsas hissəsi yığılıb. 222 min tona qədər üzüm emal edilib. Emal olunmuş üzümün 127 min tona qədəri Rkatsiteli, 82 min tonu Saperavi, 5,3 min tona yaxını Kaxuri Mtsvanedir, geridə qalanı isə müxtəlif üzüm sortlarıdır. Yığım prosesi mütəşəkkil və fasiləsiz aparılır. Fürsətdən istifadə edərək məhsul yığımı prosesində iştirak edən bütün insanlara, koordinasiya qərargahına, yerli hakimiyyət orqanlarına və aidiyyatı xidmətlərə təşəkkürümü bildirmək istəyirəm” – deyə Otar Şamuqia bildirib.

Qeyd etmək lazımdır ki, Gürcüstan hökumətinin qərarı ilə 2022-ci ilin üzüm yığımının dəstəklənməsi üçün subsidiya proqramı həyata keçirilir, bunun məqsədi üzüm yığımını tam təmin etməkdir. Məhsul yığımı boyunca Kaxeti bölgəsində yetişdirilən ən azı 100 ton Rkatsiteli və ya Kaxuri Mtsvane üzümünü satın alaraq emal edən və üzümün hər kiloqramına görə istehsalçıya ən azı 90 tetr ödəyəcək bütün şirkətlər subsidiya alacaq. Şərab şirkətləri bir kiloqram Rkatsiteli və Kaxuri Mtsvane üçün 0,35 lari subsidiya alırlar.