Onkoloji diaqnoz qoyulan hər bir uşaq dövlətin maliyyə dəstəyi ilə Türkiyə, İsrail və İspaniyanın aparıcı klinikalarında da diaqnostika və müalicə olunmaq imkanı əldə edəcək
Onkoloji diaqnoz qoyulan hər bir uşaq dövlətin maliyyə dəstəyi ilə Türkiyə, İsrail və İspaniyanın aparıcı klinikalarında da diaqnostika və müalicə olunmaq imkanı əldə edəcək

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin iclası keçirilib. Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 5 məsələni müzakirə ediblər.

İclasda onkoloji diaqnozu olan hər bir uşaq üçün dövlətin maliyyə dəstəyi ilə Gürcüstanla yanaşı, Türkiyə, İsrail və İspaniyanın aparıcı klinikalarında diaqnostika və müalicə olunmaq imkanı yaradılacağı layihə müzakirə edilib. Layihənin illik büdcəsi təxminən 30 milyon laridir.

Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, ilkin bazar araşdırmaları əsasında, müasir standartlara və beynəlxalq akkreditasiyaya malik yüksək texnologiyalı, xidmətlərin tam spektrinin bir məkanda birləşdirildiyi klinikalar artıq xaricdə xidmət təminatçısı olaraq seçilib.

“Layihə çərçivəsində pasiyentlər yüksək keyfiyyətli, yüksək texnologiyalı tibbi xidmətlər, o cümlədən bərk şişlərin müəyyən növlərinin müalicəsi üçün müasir tibbdə son söz olan proton terapiyasından yararlanmaq imkanı əldə edəcəklər.

Məsələnin müzakirəsi zamanı xüsusilə uşaq yaşda keyfiyyətli onkoloji xidmətlərə çıxışının təmin edilməsinin dövlətin prioritet vəzifəsi olduğu vurğulanıb” – deyə Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.

Verilmiş məlumatda Səhiyyə Nazirliyi ilə tibb müəssisələri arasında əməkdaşlığa dair sazişlərin ayın sonuna kimi imzalanacağı deyilir, bundan sonra da onkoloji diaqnoz qoyulan uşaqlar həm Gürcüstanda, həm də xaricdə – İspaniya, İsrail və Türkiyədə ehtiyaca müvafiq olaraq tibbi xidmət alacaqlar.

“18 yaşına çatmamış pasiyentlərin xaricdə müalicəsi proqramı Gürcüstanda xidmətlər gücləndirilənə və müasir standartlar və yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş və tibbi xidmətlərin bütün spektrinin əlçatan olacağı uşaq onkoloji dövlət mərkəzi yaradılana qədər keçid mərhələsi olacaq. Bu istiqamətdə Səhiyyə Nazirliyi aktiv şəkildə işləyir” – deyə Hökumət Administrasiyasının yaydığı məlumatda qeyd olunub.