Ölkə miqyasında 885 uşaq bağçasının tikintisi və bərpasını nəzərdə tutan yeni proqram başlayır
Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə ölkə miqyasında 885 uşaq bağçasının tikintisi və bərpasını nəzərdə tutan yeni proqram başlayır.
Bu barədə Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayır.
Verilən məlumatda 330 yeni uşaq bağçasının tikiləcəyi, 555 uşaq bağçasının isə əsaslı təmir olunacağı deyilir. Sözügedən məsələ hökumətin bu gün keçirilən iclasında müzakirə olunub.
“Uşaq bağçalarının tikintisi-bərpası proqramı bir neçə mərhələdə həyata keçiriləcək və bunun üçün dövlət büdcəsindən 1,3 milyard lari xərclənəcək. Qeyd etmək lazımdır ki, 2023-cü ilin büdcəsində işlərin birinci mərhələsi üçün artıq 100 milyon lari nəzərdə tutulub. Tikinti və bərpa işləri Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Munisipal İnkişaf Fondu tərəfindən aparılacaq, tenderlər yaxın vaxtlarda elan ediləcək. Yeni proqram çərçivəsində uşaq bağçaları müasir standartlara uyğun tikiləcək və təmir ediləcək. Bağların daxili və xarici məkanları, istirahət zonaları, kommunikasiyalar və sanitar qovşaq təşkil ediləcək. Uşaq bağçaları xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün tam uyğunlaşdırılacaq. Uşaq bağçalarının infrastrukturunun inkişafı yerli özünüidarəetmə orqanlarının verdiyi məlumatlara və prioritetlərə uyğun olaraq planlaşdırılır”- deyə rəsmi məlumatda deyilir.