Olaf Şolts- Gürcüstan, Moldova və Ukraynanın Aİ-yə qoşulması prosesini dəstəkləmək üçün çalışırıq
Almaniyanın kansleri Olaf Şolts Moldova, Ukrayna və Gürcüstanın Avropa İttifaqına qoşulması prosesini dəstəkləmək üçün çalışdığını bildirib. Olaf Şolts bu barədə Aİ sammitindən əvvəl mediaya danışarkən açıqlayıb.
Olaf Şolts Bosniya və Hersoqovinanın Avropaya inteqrasiyasından danışıb və bildirib ki, Qərbi Balkan ölkələri Avropa İttifaqına ümid bəsləməlidirlər.
“Yaxşı xəbər: biz genişləndirmə prosesində irəliləyiş əldə edirik. Mən Bosniya və Hersoqovinanın bu qədər səylərindən sonra bir çox başqa ölkə üçün bunu mümkün etdiyimiz kimi, bu ölkə üçün də əlavə addımlar atmağımızı dəstəkləyirəm. Hesab edirəm ki, Qərbi Balkan ölkələri bizə ümid bəsləməlidirlər. Avropa İttifaqına daxil olmaq vədi 20 ildən çox əvvəl Salonikidə verilib. İndi biz əlavə addımlar atmalıyıq. Təbii ki, biz həm də Moldova, Ukrayna və Gürcüstanda gedən prosesləri dəstəkləməyə çalışırıq”- deyə Olaf Şolts bildirib.
Almaniyanın kansleri həmçinin dondurulmuş rus aktivlərindən əldə edilən gəlirlə Ukraynanın müdafiəsi üçün lazım olan silahların alınmasını dəstəklədiyini bildirib.
Bu gün Brüsseldə Aİ liderlərinin iki günlük sammiti başlayıb. Görüşdə yüksək rütbəli rəsmilər Ukraynanın dəstəklənməsi, təhlükəsizlik, müdafiə və genişləndirmə məsələlərini, eləcə də Yaxın Şərqdəki cari hadisələri, miqrasiya, kənd təsərrüfatı və digər məsələləri müzakirə edəcəklər. Sammitdə BMT-nin baş katibi Antonio Qutierreş də iştirak edir.