Oktyabrın 7-nə olan vəziyyətə görə, Gürcüstanda 300 min ton üzüm emal edilib
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, oktyabrın 7-nə olan vəziyyətə görə, Gürcüstanda 300 min ton üzüm emal edilib, bu da müstəqil Gürcüstan tarixində rekord göstəricidir.
Qurumun məlumatına əsasən, Kaxetidə üzüm yığımı sona yaxınlaşır, Racada məhsul artıq yerləşdirilib.
“Bu mərhələdə yerli mənşəli iki unikal “Tvişi” və “Oğureşis Usaxelouri” şərablarının qeydiyyata alındığı Gürcüstanın üzümçülüyünün məşhur Leçxumi bölgəsində üzüm yığımı aktiv şəkildə gedir.
Ölkə miqyasında emal olunan üzümün 296 min tona qədəri Kaxetinin, 1,7 min tona qədəri Racanın, 304 tonu Leçxuminin, qalanı isə Gürcüstanın müxtəlif üzümçülük bölgələrinin məhsuludur. Üzüm satışından əldə edilən gəlir 450 milyon lariyə çatır, bu mərhələdə 20 minə qədər üzümçü fermer məhsulunu yerləşdirib.
Bu vaxtadək üzüm yığımı prosesində ümumilikdə 450 şərab şirkəti və şərab zavodu iştirak edir.
Üzümçü fermerlər tərəfindən məhsul satışını təşviq etmək, üzümün keyfiyyətini qorumaq və şərabçılıq sahəsinin sabit inkişafını dəstəkləmək məqsədilə, Gürcüstan hökuməti bu il də üzüm yığımına subsidiya ayırır: Kaxeti bölgəsində 1 kq Rkatsiteli üçün üzümçü fermerə azı 1,00 lari ödəyən bütün şirkətlər dövlət subsidiyasını alacaqlar. Həmçinin, sentyabrın 13-dən MMC “Məhsulun İdarəedilməsi Şirkəti” üzümçü fermerlərdən bir kiloqram Saperavi üzümünü 1,50 lariyə götürür. Raca bölgəsində, Xvanckara mikrozonasında yetişdirilən 1 kq Aleksandrouli və Mucuretuli üzüm növü üçün üzümçü fermerə azı 8 lari ödəmiş bütün şirkətlər subsidiya alacaqlar. 1 kq Aleksandrouli və Mucuretulinin satın alınması müqabilində şirkətlərə dörd lari dövlət subsidiyası verilir” – Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunub.