Çətin epidemioloji vəziyyətlə əlaqədar oktyabrın 28-də Moskvada karantin elan ediləcək. Məlumatı “Guardian” nəşri yayıb.
Əksər mağaza, məktəb və idman salonları 28 oktyabrdan etibarən bağlanacaq. Restoran və kafelər yalnız çatdırılma xidməti ilə işləməyə davam edəcək. Teatr və muzeylərə daxil olmaq üçün peyvənd sənədləri tələb olunacaq.
“Moskvada vəziyyət ən pis halda inkişaf edir. Önümüzdəki günlərdə koronavirusla mübarizədə tarixi bir zirvəyə çatacağıq” , – dedi Moskva meri Sergey Sobyanin.
Son günlərdə Rusiyada “Kovid-19” rekord yüksək nisbətdə qeydə alınıb. Virus son gündə ölkədə 1036 nəfərin həyatına son qoyub.
Oktyabrın 21 -nə olan məlumata görə, pandemiya başlayandan bəri ölkədə 8,131,000 çox koronavirus halı təsdiqlənib, onlardan 7,091,000 -dən çoxu sağalıb.
Rusiyada pandemiya zamanı ümumilikdə 227 389 xəstə virusdan dünyasını dəyişib. Ölkədə 47 milyon insan tam peyvənd olunub.