Noyabrın 14-dən Tbilisi, Zuqdidi, Kutaisi və Rustavidə yeni tikilmiş binalarda məskunlaşmaq istəyən məcburi köçkün ailələri üçün müraciətlərin qəbuluna başlanılacaq
Noyabrın 14-dən Tbilisi, Zuqdidi, Kutaisi və Rustavidə yeni tikilmiş binalarda məskunlaşmaq istəyən məcburi köçkün ailələri üçün müraciətlərin qəbuluna başlanılacaq

 
Noyabrın 14-dən Tbilisi, Zuqdidi, Kutaisi və Rustavidə yeni tikilmiş binalarda məskunlaşmaq istəyən məcburi köçkün ailələri üçün müraciətlərin qəbuluna başlanılacaq. Məlumatı işğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır.

Nazirliyin məlumatında qeyd edildiyi üzrə, məcburi köçkünlərin məskunlaşdırılması proqramı çərçivəsində yaşayış sahəsi almaq istəyən bütün ailələr yeni ərizəni doldurmalıdırlar.

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini İlia Ğuduşauri 2013-cü ilin iyunun 1-dək paytaxtda qeydiyyatda olan məcburi köçkün ailələrinin Tbilisidə mənzil almaq üçün müraciət edə biləcəklərini söyləyib. Zuqdidi, Kutaisi və Rustavidə isə Gürcüstanın istənilən bölgəsində qeydiyyatda olan məcburi köçkün ailələri müraciət edə bilərlər.

Müraciətlər 2024-cü ilin fevralın 1-dək ölkə üzrə ədliyyə evlərində qəbul ediləcək.

“Məcburi köçkünlərin məskunlaşdırılması üzrə misli görünməmiş miqyaslı layihə çərçivəsində 2023-2025-ci illərdə 13 minə qədər məcburi köçkün ailəsi yaşayış sahəsi ilə təmin olunacaq. Bunlardan 7000-dən çox ailəyə yeni mənzillər veriləcək, 6000 ailə isə “Kənd evi” proqramı çərçivəsində məskunlaşdırılacaq. Layihənin büdcəsi 900 milyon lari təşkil edir” -deyə işğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.