Norveç hökuməti Rusiya vətəndaşlarının turizm məqsədi ilə ölkəyə daxil olmasını qadağan edib
Norveç hökuməti Rusiya vətəndaşlarının turizm məqsədi ilə ölkəyə daxil olmasını qadağan edib

 
Norveç hökumətinin qərarına əsasən, səfərin məqsədi turizm olacağı təqdirdə Rusiya vətəndaşlarının ölkəyə daxil olması qadağan ediləcək.

Bu haqda bəyanatı Norveç hökuməti yayır.

Norveç 2022-ci ilin yazında Rusiya vətəndaşları üçün vizaların verilməsini sərtləşdirdi, nəticədə turist vizalarının verilməsi praktiki olaraq dayandırıldı. Bundan sonra isə Rusiya vətəndaşlarının ölkəyə girişi daha da məhdudlaşdırılacaq.

“Ölkəyə giriş qaydalarını sərtləşdirmək qərarı Norveçin Rusiyanın Ukraynada qanunsuz təcavüzkar müharibəsinə cavab verilməsində müttəfiqləri və tərəfdaşlarını dəstəkləmək yanaşmasına uyğundur”-deyə Norveçin ədliyyə və ictimai təhlükəsizlik naziri Emili Enger Mehli bildirib.

Norveç hökumətinin yaydığı bəyanatda, qaydaların sərtləşdirilməsinin həm qaydalar sərtləşdirilməmişdən əvvəl viza verilmiş Rusiya vətəndaşlarına, həm də digər Şengen ölkələri tərəfindən viza verilmiş Rusiya vətəndaşlarına şamil edildiyi qeyd edilib.

Dəyişikliklər mayın 29-dan qüvvəyə minəcək, ancaq məsələn, Norveçdə yaşayan yaxın qohumlarını ziyarət edən, eləcə də Norveçdə və ya digər Şengen ölkələrində işləyən və ya təhsil alan Rusiya vətəndaşları üçün istisnalar nəzərə alınacaq.