Nona Mamulaşvili parlamenti və “Milli Hərəkat”ı tərk etdiyini açıqlayır
Nona Mamulaşvili parlamenti və “Milli Hərəkat”ı tərk etdiyini açıqlayır

 

Nona Mamulaşvili parlamenti və “Milli Hərəkat”ı tərk etdiyini, Qiorqi Xvedeliani və Beka Ğorşia tərəfindən həmfikirləri ilə birlikdə yaradılmış “Prospekt” innovativ platformasına qoşulduğunu açıqlayır.

“Dostlar, parlament və “Milli Hərəkat”ı tərk etdiyimi sizə bildirmək istəyirəm .

İki il əvvəl yalnız ölkənin qərbyönlü inkişafı üçün işləmək, yəni iqtisadi cəhətdən güclü, ədalətli və qorunan mühit yaratmaq məqsədi ilə siyasətə və parlamentə gəlmişdim.

Yoxsulluğun və ümidsizliyin ölkəyə birlikdə əzab verdiyi, həbsxanada siyasi məhbusların olduğu, oliqarxik sistemin isə Avropa gələcəyini bizim əlimizdən qopardığı bir şəraitdə – Gürcüstan parlamenti ölkə üçün xeyirli heç bir işin görülmədiyi və görülməyəcəyi bir yerə çevrilib.

10-cu çağırış parlamenti müstəqillik tarixinin ən biabırçı parlamentidir, bunu cəmiyyətin 16 faizlik etimadı sübut edir. Bu parlamentin əksəriyyəti ölkənin Avropa gələcəyinin məhvinə imza atdı, bununla da bütün əvvəlki çağırış parlamentinin ruhuna, ən əsası isə xalqın iradəsinə xəyanət etdi.

“Milli Hərəkat”a gəlincə, partiya uzun müddətdir ki, siyasətdən uzaqlaşıb. Sistematik problemlər yenilik və bərpa imkanı vermir. Faciəli olan odur ki, bu eyni anda həm hamının , həm də heç kimin günahı deyil, bu da siyasi dalanı daha da gücləndirir.

2020-ci ildə olduğu kimi bu gün də eyni və sadə məqsədim var – hərəkət. Görürəm ki, bu gün partiya siyasətindən kənarda bu ölkənin maraqları üçün çalışmaq daha mümkündür.

Məhz bu səbəbdən Qiorqi Xvedeliani və Beka Ğorşia tərəfindən həmfikirləri ilə birlikdə yaradılmış “Prospekt” innovativ platformasına qoşuluram.

Qiorqi partiyada olarkən biz çox vacib əməkdaşlıq təcrübəsi qazandıq, onun fikirləri mənim ətrafımda eşitdiyim ən maraqlı fikirlər idi və belə də qalır. “Prospekt” platformasında birlikdə tezliklə çox maraqlı layihəyə – “Reys”ə başlayacağıq.

Bundan əlavə, Qiorqi və mən gürcü, avropalı və amerikalı dostlarımızla birlikdə ölkəmiz üçün lazım olan genişmiqyaslı beynəlxalq layihəyə başlamaq üçün çalışırıq. Məqsəd, təbii ki, ölkənin qərb gələcəyi üçün mübarizə aparmaq olacaq”-deyə Mamulaşvili sosial şəbəkədə yazır.