Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili Braziliyanın Gürcüstandakı səfiri Osvaldo Biato Junior ilə görüşüb.
Tanışlıq görüşündə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində hazırlanmış iqtisadi alət olan REDD+ üçün Yaşıl İqlim Fondundan (GCF) Braziliya üçün Gürcüstanın dəstəyinin əhəmiyyət kəsb edəcəyi, maliyyənin əldə edilməsi məsələsinə diqqət yönəldilib. Söhbət zamanı Yaşıl İqlim Fondunun (GCF) rəhbər orqanının Tbilisidə keçiriləcək 37-ci iclasına toxunulub.
“Braziliyada meşə təsərrüfatı sahəsində çətinliklər Gürcüstana tanışdır, çünki bizdə keçmişdə meşələrin təmizlənməsi və şəxsi məqsədlər üçün istifadəsinin tez-tez baş verdiyi zaman oxşar vəziyyət olub. Bu praktikanı dəyişmək üçün biz bir sıra qanunvericilik dəyişiklikləri həyata keçirmişik, həmçinin Yaşıl İqlim Fondundan maliyyə vəsaiti almışıq. Eyni zamanda, Gürcüstan hökuməti meşələrin qeyri-qanuni kəsilməsinin qarşısını almaq üçün meşə idarəçiliyinin effektiv mexanizmlərini fəal şəkildə həyata keçirir”, – deyə Nino Tandilaşvili bildirib.
Görüşdə tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavininin qeyd etdiyinə əsasən, Gürcüstan Avropa İttifaqına inteqrasiyaya çalışır, bununla belə, tərəfdaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi çox vacibdir.
Braziliyanın Gürcüstandakı səfiri Osvaldo Biato Junior iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın əhəmiyyəti məsələlərinə, o cümlədən kənd təsərrüfatı məhsullarının ixrac-idxalının artırılması imkanlarına diqqət çəkib. İclasda Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirliyinin müvafiq xidmətlərinin nümayəndələri iştirak ediblər.
Bu barədə məlumatı Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirliyinin mətbuat xidməti yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev