Nikoloz Samxaradze sloveniyalı tədqiqatçılar və diplomatik korpusun nümayəndələri ilə ictimai müzakirə keçirib
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin Sloveniya Respublikasına rəsmi səfəri çərçivəsində Nikoloz Samxaradze Sloveniyanın aparıcı analitik təşkilatı – Avropa Perspektivi Mərkəzinin təşkilatçılığı ilə keçirilən və Qara dəniz və Cənubi Qafqaz regionunun təhlükəsizliyində Gürcüstanın roluna həsr olunmuş dəyirmi masada iştirak edib.
Parlamentin mətbuat xidmətinin məlumatında Nikoloz Samxaradzenin çıxışı zamanı Qara dəniz regionundakı çağırışlar, Rusiyadan gələn təhlükələr və Gürcüstanın regionda sülh və sabitliyi təşviq edən ölkə kimi əhəmiyyəti, eləcə də NATO-nun genişlənməsi məsələsi barədə danışdığı deyilir.
“Ukraynada davam edən rus təcavüzü mövcud təhlükəsizlik mühitini dəyişdi və bu da Qara dəniz və Cənubi Qafqaz regionlarının əhəmiyyətini daha da artırdı. Bu prosesdə Gürcüstanın bir tərəfdən Avropaya rus enerji resurslarından asılılığını azaltmağa və alternativ yollar tapmağa kömək etmək, digər tərəfdən isə Cənubi Qafqaz regionunda sülh və sabitliyi təşviq edən ölkə funksiyasını yerinə yetirməkdə müstəsna rolu var. Bu, təbii ki, Gürcüstanın Ermənistanla Azərbaycan arasında gərgin münasibətlərin tənzimlənməsində iştirakını və vasitəçiliyini nəzərdə tutur. Həmçinin məhz Gürcüstanın üzv olması ilə NATO-nun genişləndirilməsi önəmlidir, bu da regionda sabitlik və təhlükəsizliyin təminatlarını daha da möhkəmləndirəcək”- deyə Nikoloz Samxaradze açıqlayıb.
Sözügedən diskusiyada sloveniyalı tədqiqatçılar, Sloveniyada akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Nikoloz Samxaradzenin rəhbərlik etdiyi Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Sloveniya Respublikasında rəsmi səfərdədir. Nümayəndə heyətinin tərkibinə Xarici Əlaqələr Komitəsinin üzvləri: Levan Karumidze, Qriqol Vaşadze və Gürcüstan-Sloveniya Dostluq Qrupunun rəhbəri Viktor Sanikidze daxildir.