Nikoloz Samxaradze İsveç parlamentinin sədr müavinləri və parlamentin dostluq qrupunun üzvləri ilə görüşdü
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze İsveçə səfəri çərçivəsində, İsveç parlamentinin sədr müavinləri Yuliya Kronlid və Şerstin Lundqren, İsveç Parlamentinin Gürcüstanla dostluq qrupunun rəhbəri Qudrun Brungord ilə və qrup üzvləri ilə görüş keçirib.
Gürcüstan parlamentinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşlərdə Gürcüstanın Avropaya inteqrasiyası, Avropa İttifaqının təqdim etdiyi tövsiyələrin icrası prosesi və həyata keçirilən islahatlar müzakirə olunub. Söhbətdə Rusiyanın Ukraynada davam edən təcavüzü və onun Avropa təhlükəsizliyinə təsirinə də toxunulub.
Tərəflər Gürcüstanın işğal olunmuş rayonlarında mövcud vəziyyəti və Rusiyadan gələn təhlükələri müzakirə ediblər.
“İsveç parlamentində keçirilən görüşlərdə biz həmkarlarımıza Gürcüstanın işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin, eləcə də ukraynalı qaçqınların vəziyyəti barədə məlumat verdik”, – bildirib Nikoloz Samxaradze.
İsveç parlamentində keçirilən görüşlər zamanı mühüm məsələlərdən biri də Gürcüstanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi prosesində rolu və Orta Dəhlizin potensialından tam istifadə olunması olub.
Parlamentdə keçirilən görüşlərdə Gürcüstanın İsveç Krallığındakı səfiri İrakli Xutsurauli də iştirak edib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.