Nikoloz Samxaradze Cənubi Afrika Respublikasının xarici işlər nazirinin müavini ilə görüşüb
Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanda rəsmi səfərdə olan Cənubi Afrika Respublikasının xarici işlər və əməkdaşlıq nazirinin müavini Alvin Bote ilə görüşüb.
Tərəflər Gürcüstan və Cənubi Afrika Respublikası arasında mövcud əlaqələrin, o cümlədən parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarından danışıblar.
Görüşdə regional təhlükəsizlik məsələləri, Rusiyanın Ukraynada davam edən təcavüzü və onun həm Gürcüstan, həm də Cənubi Afrikaya təsiri, eləcə də qlobal təhlükəsizliyə dair müzakirələr aparılıb.
Nikoloz Samxaradze qonaqlara Gürcüstanın işğal olunmuş bölgələrində yaranmış ağır vəziyyət və Gürcüstan hökumətinin işğal olunmuş bölgələrlə bağlı sülh siyasəti barədə məlumat verib. Cənubi Afrika Respublikasının xarici işlər və əməkdaşlıq nazirinin müavini ölkəsinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini təsdiqləyib və Cənubi Afrikanın bu yanaşmasının yenidən nəzərdən keçirilməyəcəyini bildirib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.