Nikoloz Samxaradze ATƏT Parlament Assambleyasının 21-ci iclasında çıxış edib
Gürcüstan parlamentinin nümayəndə heyəti İrəvanda ATƏT Parlament Assambleyasının 21-ci payız iclasında iştirak edir.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, Xarici Əlaqələr Komitəsinin sədri və Gürcüstan parlamentinin ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze çıxışında ATƏT prezidenti Pia Kaumanın və nümayəndə heyətinin Gürcüstana səfərindən, eləcə də ölkəmizin regional rolundan danışıb.
“Hesab edirəm ki, bu, mövcud vəziyyəti qiymətləndirmək və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması imkanlarını araşdırmaq üçün çox vaxtında edilən səfər idi. Nümayəndə heyətinin işğal xəttinə və məcburi köçkünlərin, Rusiya işğalı səbəbindən 15 ildən artıq (bəziləri 30 ildir) öz evlərinə qayıda bilməyən şəxslərin yaşayış məntəqələrinə baş çəkməsi də çox vacib idi. Burada qeyd etmək istərdim ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh dialoqunu asanlaşdırmağa hazırdır. Biz Tbilisini danışıqlar yeri kimi təklif etməyə hazırıq və ümid edirik ki, hər iki tərəfin açıq şəkildə ifadə etdiyi və üzərinə götürdüyü öhdəliklə yaxın aylarda iki qardaş qonşu ölkəmiz arasında davamlı sülhü qeyd edə biləcəyik. Bizim tərəfimizdən, Gürcüstan dialoqu asanlaşdırmağa hazırdır”, – deyə Nikoloz Samxaradze bildirib.
Gürcüstan parlamentinin nümayəndə heyətinin rəhbərinə ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma cavab verib.
“Gürcüstana səfər etmək çox xoş oldu. İndi Gürcüstan üçün çox vacib məqamdır, çünki hamımız bilirik ki, sizə bir neçə həftədən sonra, rəsmi olaraq dekabr ayında elan olunacaq, Avropa İttifaqına namizəd statusu verilib”, – deyə Pia Kauma bəyan edib və qeyd edib ki, ATƏT Gürcüstanı ərazi bütövlüyü baxımıdan və eləcə də, Ermənistan və Azərbaycan arasında sülh dialoqunun təşviqi baxımından tam dəstəkləyir.
“Biz işğal xəttinin yaxınlığında idik, mövcud vəziyyətlə tanış olduq. Bir ölkənin başqa bir ölkənin ərazisini qanunsuz işğal etməsinin nə demək olduğunu gördük, əhali ilə söhbət etdik. Orada heç bir şəraitdə qəbul edilə bilməyən bir vəziyyəti öz gözlərimizlə gördük. Sizə tam dəstək bəyan edirik. Həmçinin, biz regionda sülh sazişinin əldə olunması prosesində sizi tam dəstəkləyirik. Sizin Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara dəstək verməkdə mühüm rolunuz var”, – deyə ATƏT Parlament Assambleyasının prezidenti bildirib.
Görüşdə Nikoloz Samxaradze ilə birlikdə Avropaya İnteqrasiya Komitəsinin sədri, Gürcüstan parlamentinin ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Maka Bochorişvili də iştirak edib.
Müəllif -
Mehemmed Bayramaliyev