Nikoloz Samxaradze - Almaniyadan maksimum dəstək almağa çalışacağıq, çünki bu ölkənin dəstəyi Avropa İttifaqına inteqrasiya yolunda bizim üçün həlledici olacaq
Gürcüstan parlamentinin nümayəndə heyətinin Almaniyaya işgüzar səfəri başlayıb. Parlamentin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti sabahdan etibarən rəsmi görüşlər keçirəcək.
Parlament nümayəndə heyətinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib ki, səfərin əsas məqsədi alman tərəfdaşlara Gürcüstanda baş verənlər və Gürcüstanın Avropa Komissiyasının tövsiyələrini necə yerinə yetirməsi barədə məlumatlandırmaqdır.
“Almaniyadan maksimum dəstək almağa çalışacağıq, çünki Almaniyanın dəstəyi həm namizəd statusunun verilməsi prosesində, həm də bundan sonra Avropa İttifaqına inteqrasiya yolunda bizim üçün həlledici olacaq. Bununla yanaşı 15-ə qədər görüşümüz olacaq, Bundestaqın prezidenti, komitə sədrləri ilə görüşəcəyik. Siyasi partiya və fondlarla, eləcə də Xarici İşlər Nazirliyi ilə də görüşlərimiz olacaq. Səfərimizin məqsədi Avropaya inteqrasiya ilə yanaşı, ikitərəfli münasibətləri inkişaf etdirməkdir. Almaniya bizim üçün strateji tərəfdaşdır və müvafiq olaraq biz bu səfərdən bu əlaqələri daha da dərinləşdirmək üçün istifadə edəcəyik” – deyə Nikoloz Samxaradze bildirib.
Parlament nümayəndə heyətinin tərkibinə deputatlar Nikoloz Samxaradze, Anri Oxanaşvili, Levan Kobiaşvili, Nino İobaşvili, İrakli Şatakişvili və Xatuna Samnidze daxildir.