Nikol Paşinyan - Gürcüstan Aİ-yə namizəd ölkə oldu və bu, mütləq regionun ümumi atmosferinə təsir edəcək, Gürcüstan hakimiyyətini və xalqını təbrik etdim, çünki bunu müsbət hadisə hesab edirəm
Son aylarda mühüm hadisə baş verdi, dostumuz Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə oldu. Bu, bölgənin ümumi atmosferinə mütləq təsir edəcək hadisədir. Gürcüstan hakimiyyətini və xalqını əgər təbrik etmişəmsə, bunu müsbət hadisə hesab etdiyim göz qabağındadır- erməni mediasının məlumatına əsasən, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan “Telegraph”a müsahibəsində açıqlayıb.
Bundan əvvəl jurnalist Paşinyana müraciət edib: “Siz deyirsiniz ki, Qərblə yeni əməkdaşlığınız heç bir şəkildə Rusiyaya qarşı yönəlməyib, Rusiya bundan narahat olmamalıdır və siz sadəcə olaraq təhlükəsizlik mühitini şaxələndirməyə çalışırsınız. Anonim mənbəyə məxsus “Tass”a verilmiş müsahibədən sitat gətirəcəyəm. Bu müsahibə oktyabrda yazılıb: “Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Ermənistanla Rusiya arasında münasibətlərə aid olan hissədə, tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış hesab edirik. Ermənistanın necə üçüncü Ukraynaya çevrilməyə çalışdığını görürük. Paşinyan Volodimir Zelenskinin yolu ilə kvant sıçrayışı edir”. Mən sizin yerinizdə olsaydım, Rusiyanın Ukraynada etdiklərini nəzərə alsaq, Rusiyanın bu cür ritorikasından çox narahat olardım”.
Məsələ ilə bağlı danışan Paşinyan qeyd edib ki, o, Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı mühüm fakta diqqət çəkmək istəyib.
“Ümumiyyətlə, sitatları oxuduğum təqdirdə şərh etməyi bəyənirəm, üçüncü mənbədən şərh etməyi bəyənmirəm, hər halda siyasi təcrübəm bunu göstərdi. Avropa Parlamentində çıxışımda açıq şəkildə dediyim kimi, biz Avropa İttifaqı ilə əməkdaşlıq edirik, Avropa İttifaqı ilə əlaqələrimiz dərinləşir. Yeri gəlmişkən, bir mühüm fakta diqqət çəkmək istərdim: son aylarda regionumuzda olduqca mühüm hadisə baş verdi, bizim bilavasitə qonşumuz, dostumuz Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə oldu. Bu mühüm hadisə hisslərdən və siyasi qiymətləndirmələrdən asılı deyil, çünki münasibət və siyasi qiymətlər fərqli ola bilər. Hesab edirəm ki, Ermənistanın bu hadisə ətrafında öz mövqeyini qeyd etməsi çox vacibdir. Təbii ki, bu mühüm hadisə münasibətilə Gürcüstandan olan həmkarlarımı və gürcü xalqını təbrik etmək imkanım oldu. Hesab edirəm ki, bu, regionumuzun ümumi imicinə, atmosferinə mütləq təsir edəcək hadisədir. Bu hadisə ilə bağlı Ermənistan Respublikası və bizim hökumət müəyyən mövqe tutmalıdır. Bir şeyi deyə bilərəm ki, bu müsbət hadisə münasibətilə Gürcüstanı, onun hakimiyyətini və xalqını əgər təbrik etmişəmsə, bunu müsbət hadisə hesab etdiyim göz qabağındadır, əks halda təbrik etməyin nə mənası var?”- deyə Nikol Paşinyan açıqlayıb.