Nikol Paşinyan - Ermənistan və Gürcüstan bu gün böyük irəliləyiş əldə ediblər, biz birgə səylərin nəticəsi olan strateji münasibətlər bəyannaməsini imzaladıq
Ermənistan və Gürcüstan bu gün böyük irəliləyiş əldə ediblər, biz Ermənistan və Gürcüstan arasında strateji münasibətlərə dair birgə bəyannamə imzaladıq, bu, bizim birgə səylərimizin nəticəsidir – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə birgə bəyanatında qeyd edib.
Nikol Paşinyanın dediyi kimi, bu gün Ermənistan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.
“Mən İrakli Ğaribaşviliyə, gürcü həmkarlarımıza bu iclasın Tbilisidə keçirilməsinə və yüksək səviyyədə təşkilinə görə təşəkkür etmək istərdim. Mən Gürcüstan hökumətini və xalqını Avropa İttifaqına namizəd ölkə statusu münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim, bu prosesdə İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin, eləcə də xalqın rolunu xüsusilə vurğulayıram. Bu, Gürcüstan və bütün region üçün tarixi hadisədir. Sevinclə vurğulamaq istərdim ki, 2019-cu ildə hökumətlərarası komissiyanın formatı yeniləndikdən sonra iclaslar daim keçirilir və komissiyanın fəaliyyətini təşviq edir. Bu gün biz iqtisadiyyatdan tutmuş mədəniyyət, ticarət və insani münasibətlərə qədər geniş spektrli məsələləri müzakirə etdik”- Paşinyan bildirib.
O bildirib ki, görüşdə Cənubi Qafqaz infrastrukturunun açılmasından danışılıb.
“Bu kontekstdə qeyd etməliyəm ki, iki ölkə arasında gömrük əlaqələri istiqamətində sərhəd məntəqələrində birgə nəzarət modellərinin tətbiqi aktiv şəkildə müzakirə olunur və bu halda gömrük prosesləri üçün tələb olunan vaxt azalacaq.
Mən, həmçinin ötən ilin oktyabrında Ğaribaşvilinin dəvəti ilə Tbilisi İpək Yolu Forumunda iştirak zamanı haqqında danışdığım və təqdim etdiyim Ermənistan Respublikasının “Sülh yolunun kəsişməsində” layihəsini həmkarlarımıza təqdim etdim. Bizim bu layihəmiz regionda münasibətlərin artmasına yönəlib və bu prosesdə dövlətlərin suverenliyinin qorunması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bölgəmiz Cənubla Şimal, Qərblə Şərq arasında çox mühüm regional yola çevrilə bilər və bütün bunlarda inklüzivliyin böyük əhəmiyyəti var. Bütün dövlətlərə iqtisadi layihələrdə iştirak etmək imkanı veriləcək, bunun bariz nümunəsi Ermənistanın böyük marağı olan Qara dəniz kabel layihəsidir.
Ermənistan və Gürcüstan bu gün böyük irəliləyiş əldə ediblər, biz Ermənistan və Gürcüstan arasında strateji münasibətlərə dair birgə bəyannamə imzaladıq, bu, bizim birgə səylərimizin nəticəsidir və məqsədyönlülüyümüzü ifadə edir. Bu nailiyyət bir daha vurğulayır ki, biz səylərimizi artırmalıyıq və əldə etdiklərimizlə kifayətlənməməliyik, bu haqda iclas zamanı da danışmışıq”- Paşinyan bildirib.