Nika Melia -gündəlik olaraq bizə susmayacağımız təqdirdə Rusiyada müxalifətə münasibətdə davranıldığı kimi davranacaqlarını deyirlər, Qiorqi Kirtadzeyə hücum bu məqsədlərə xidmət edirdi
Oliqarx hakimiyyəti Gürcüstanın heç vaxt yatmayan düşməni olan Rusiya imperiyasına qarşı saxta və müvəqqəti sülhdən danışır, eyni zamanda Gürcüstanda xaos, fitnə və düşmənçilik toxumu səpir-bu barədə “Milli Hərəkat”ın sədri Nika Melia açıqlayıb.
Bugünkü brifinqdə Melia “Milli Hərəkat”ın üzvü Qiorqi Kirtadzeyə edilən hücumdan danışıb və qeyd edib ki, “oxşar hərəkətlər heç vaxt Gürcüstan vətəndaşları üçün məqbul normaya çevrilməyəcək”.
“Rusiyanın tapşırığı ilə azadlığın, azad düşüncə və fəaliyyətin istənilən təzahürünə qarşı mübarizə aparır, rus bolşevik ruhunda siyasi opponentlərə hücum edir, rejimə tabe olmayan insanları fiziki cəhətdən məhv etməyə çalışırlar. Gündəlik olaraq bizə deyirlər ki, onların anlayışında sülh köləlikdir, biz susmasaq, bizimlə də yalnız Rusiyada opponentlərlə necə davranırlarsa, elə rəftar edəcəklər: ölkənin üçüncü prezidentinə işgəncə verirlər, ölüm xronikası elan ediblər və bizə bütün bunları canlı olaraq izlədirlər. Bu gün Batumidə canlı yayımda baxdığımız kadrlar da buna xidmət edirdi – müqavimət göstərməyə cəsarət etmə, döyüşməyə cəsarət etmə və qalib gəlməyi ağlına belə gətirmə. Bu gün Batuminin, Acaranın və Gürcüstanın necə olmasına dair konkret baxışları olan yeni nəslin siyasi liderinə, heç kimin ona münasibətdə kin və fitnəsi ola bilməyəcəyi bir şəxsə, “Gürcü Arzusu” nu görünməmiş təzyiq, təqib və saxtakarlıq altında mer seçkilərində məğlub etmiş şəxsə Qiorqi Kirtadzeyə hücum məhz bu məqsədlərə xidmət edirdi. Aqressiv davranışdan başqa xalqa deməyə sözün olmaması dövlət idarəçiliyinin rus üsuludur.
Hər kəs yadda saxlamalıdır ki, bu cür hərəkətlər Gürcüstan vətəndaşları üçün heç vaxt məqbul normaya çevrilməyəcək, çünki həm əsrlərin istəyi, eləcə də ölkənin gələcəyi avropalıdır. Bu cür hərəkətlərə görə hər kəs məsuliyyət daşıyır, belə bir Gürcüstan Avropa ailəsinin bir hissəsi ola bilməz, hərçənd Gürcüstan oliqarxın bizi uyğunlaşdırmağa çalışdığı şeyə çevrilə də bilməz. Avropa arzusunun olduğu bir ölkədə rus ideologiyası və onun əsas aləti, oliqarx İvanişvili mütləq məğlub olacaq”- deyə Melia açıqlayıb.