Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməməsinə görə cərimələrin artırılması nəzərdə tutulur
Texniki baxışdan keçməməyə görə cərimələrin artırılması nəzərdə tutulur. Bu barədə parlamentdə, bu gün keçirilən büro iclasında parlamentin ətraf mühitin mühafizəsi komitəsinin sədri Maia Bitadze danışıb.
O, müvafiq dəyişikliyin İnzibati Xətalar Məcəlləsinə daxil edildiyini bildirib.
Bununla yanaşı, Maia Bitadze bildirib ki, qanunvericilik paketi təhlükəsiz səyahət və havanın çirklənməsinin qarşısının alınması baxımından vacibdir.
“Qanunvericilik paketi parlamentdə deputatların iştirakı və Daxili İşlər Nazirliyi ilə birgə iş nəticəsində hazırlanıb. O cümlədən İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi nazirlikləri də iştirak edirdilər. Düşünürük ki, bu, sərnişinlərin təhlükəsiz daşınması, havanın çirklənməsinin qarşısının alınması baxımından qanunvericiliyin sərtləşdirilməsi istiqamətində irəliyə doğru bir addım olacaq.
Bildiyiniz üzrə, hazırda subyekt texniki baxışdan keçmədiyinə görə yalnız 50 lari məbləğində cərimə olunur və mövcud qanunvericiliyə əsasən, təkrarlıq yoxdur, bu da əksər hallarda subyektlərin avtomobili texniki baxışdan keçirməyə deyil, 50 lari ödəməyə üstünlük vermələrinə səbəb olur. Çünki texniki baxış onlara daha çox xərcə başa gələ bilər. Bu, yeni yaradılan texniki baxış sisteminin özünə çox pis təsir edir və havanın çirklənməsini qoyaq bir kənara, institutun özünün fəaliyyətinə müəyyən ziyan vurur.
Təqdim olunan qanun layihəsinə əsasən, 50 lari məbləğində ilkin cərimə dəyişməz olaraq qalır və cərimənin yazılmasından sonra 30 gün ərzində subyekt yenidən cərimələnərsə, cərimə 3 dəfə artırılacaq. Üç cərimələnmənin hər sonrakı cəriməsi 500 lari və daha çox müəyyən ediləcək. Təbii ki, fiziki və hüquqi şəxslər üçün cərimələrin məbləğləri fərqlidir.
Bu, havanın çirklənməsinin qarşısının alınması baxımından hazırlanmış qanunvericilik paketlərindən biridir. Hökumətdən vizual emissiyalara nəzarət istiqamətində müəyyən addımlar atılacağını və parlamentdə müvafiq qanunvericilik dəyişiklikləri daxil ediləcəyini gözləyirik. Qanun layihəsinə əsasən, cərimə büdcəyə daxil edilir. 500 lari son həddir və əgər şəxs texniki baxışdan keçməsə, daim 500 lari cərimələnəcək” – deyə Maia Bitadze bildirib.