Ned Prays - ABŞ Ermənistan və Azərbaycan nümayəndələrinin görüşünü alqışlayır, dialoq sülh üçün ən yaxşı yoldur və biz onu dəstəkləməyə davam edəcəyik
ABŞ Ermənistan və Azərbaycan nümayəndələrinin görüşünü alqışlayır və dialoqun Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyə nail olmaq üçün ən yaxşı vasitə olduğuna inanır. Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.
Brifinqdə jurnalist Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda ABŞ-ın rolu ilə maraqlanıb. Ned Prays ABŞ-ın dialoqa hər cür dəstək verməyə davam edəcəyini bildirib.
“Biz fəal rol oynayırıq. Biz ardıcıl olaraq ikitərəfli səviyyədə və eyni mövqeli tərəfdaşlarla birgə , o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi ölkələrə uzunmüddətli, hərtərəfli sülhün əldə edilməsində köməklik göstərməyə hazır olduğumuzu bildiririk. Dövlət katibi Blinkenin son həftələrdə xarici işlər nazirləri ilə təmas saxlamaq imkanı olub və həmçinin Dövlət katibinin köməkçisi Donfrid və Dövlət Departamentinin digər rəsmiləri də erməni və azərbaycanlı həmkarları ilə yüksək səviyyədə ünsiyyət qurmaq imkanı əldə ediblər.Biz XİN başçıları arasındakı görüşü alqışlayırıq. Biz dialoqun Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyə nail olmaq üçün ən yaxşı vasitə olduğuna inanmağa davam edirik və bunu bacardığımız qədər dəstəkləməyə davam edəcəyik” – Ned Prays vurğulayıb.
İyulun 16-da Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Danışıqlara Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ev sahibliyi edib.