Nəbatat Bağında dekabrın 10-11-də Yeni il Şokolad festivalı keçiriləcək
Gürcüstanın Milli Nəbatat Bağında dekabrın 10-11-də Yeni il Şokolad festivalı keçiriləcək.
Tbilisi Meriyasından verilən məlumatda tədbirdə Gürcüstanda istehsal olunan əl istehsalı şokoladların, yeni il əl işlərinin və tematik dekorasiyaların təqdim olunacağı deyilir.
“Festivalın açılışı “Basti-Bubu” konserti və Fındıqqıran forması geyinmiş nağaraçıların şousu ilə baş tutacaq. Ziyarətçiləri bütün gün boyunca Şaxta baba, xüsusi tərtib olunmuş Yeni il foto-dekorasiyası və çoxlu lotereyalar qarşılayacaq. Tədbir DJ tərəfindən musiqi ilə bəzədiləcək. Hər iki gün ərzində ziyarətçilər “Küçə Teatrı”nın tamaşasına da baxacaqlar.
Festivalda “MasterChef”in finalçısı, qənnadı Nikuşa Manaqadzenin şokoladlı çurçxela və Yeni il tatarasının masterklasında iştirak edə biləcəksiniz. Tədbir çərçivəsində uşaqlar üçün Nəbatat bağının eko-maarifləndirici Yeni il tədbirləri keçiriləcək.
Milli Nəbatat Bağında Şokolad Festivalı dördüncü dəfə keçiriləcək və 15-ə qədər şokolad firması iştirak edəcək. Onların arasında yeni başlayan sahibkarlar və məşhur şokolad istehsal edən şirkətlər olacaq” -deyə Tbilisi Meriyasının məlumatında deyilir.
Yeni il Şokolad festivalı saat 13:00-dan 20:00-dək davam edəcək.