"NBC News" - Co Bayden Ukraynaya qonşu olan ölkələrə Silahlı Qüvvələrin yerləşdirilməsini müzakirə edəcək
Co Bayden Ukraynanın sərhədyanı ölkələrinə silahlı qüvvələrin yerləşdirilməsini müzakirə edəcək. Bu barədə “NBC News” ABŞ Müdafiə Departamenti və Prezident Administrasiyasının nümayəndələrinə istinadən məlumat yayır.
Onların verdiyi məlumata görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və silahlı qüvvələrin yüksək rütbəli nümayəndələri prezident Baydenə Rusiyanın Ukraynaya müdaxiləsi halında ABŞ-ın mümkün cavab tədbirləri, eləcə də Ukraynaya mümkün müdaxiləyədək ABŞ-ın müdafiə qüvvələrinin hərəkətinin mümkün variantları barədə müxtəlif təkliflər təqdim ediblər.
ABŞ Müdafiə Departamenti və Prezident Administrasiyasının nümayəndələrinin sözlərinə görə, təkliflər ABŞ prezidentinin “Kemp Devid” iqamətgahında Milli Təhlükəsizlik Komandası ilə birlikdə keçirilən görüş zamanı təqdim edilib. Onların sözlərinə görə, yüksək rütbəli müdafiə rəsmilərinin təklifləri arasında bombardmançı təyyarələrin regionda uçuşu, Qara dənizdə hərbi gəmilərin yerləşdirilməsi, silahlı qüvvələrin Avropanın müxtəlif regionlarına və Ukraynanın sərhədyanı ölkələrinə, Polşa və Rumıniyaya silahlı qüvvələrin yerləşdirilməsi var. Lloyd Ostinin təqdim etdiyi variantların məqsədi NATO-ya üzv dövlətlərin müdafiə qabiliyyətini gücləndirmək, birlik, qətilik nümayiş etdirmək və Rusiyanın təcavüzünün qarşısını almaqdır.
“NBC News”-un mənbəsinin verdiyi məlumata görə, kəşfiyyatdan əldə edilən məlumatı prezidentə təqdim ediblər. Məlumata əsasən, Rusiya Ukraynanın sərhədyanı rayonlarına hərbi bölmələrin əlavə edilməsini və yerləşdirilməsini davam etdirir. Onların sözlərinə görə , prezident Bayden yaxın günlərdə Avropada ABŞ qoşunlarının və əlavə hərbi texnikanın yerləşdirilməsi ilə bağlı qərar verəcək.