NATO-nun Tərəfdaşlıq və Əməkdaşlıq Təhlükəsizlik Komitəsinin üzvləri Gürcüstana səfər ediblər
NATO-nun Tərəfdaşlıq və Əməkdaşlıq Təhlükəsizlik Komitəsi (PCSC) Gürcüstanda iki günlük səfərdədir.
Gürcüstan Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda bildirilir ki, səfər çərçivəsində NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) Milli Təhlükəsizlik Şurası Aparatı və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin iştirakı ilə müdafiə və təhlükəsizlik məsələləri üzrə idarələrarası iclasa ev sahibliyi edib.
Müdafiə nazirinin birinci müavini Lela Çikovani NATO-ya üzv dövlətlərin nümayəndələri qarşısında çıxış edib. İclas çərçivəsində, müdafiə və təhlükəsizlik sektorunun nümayəndələri fikir mübadiləsi apararaq, regionda yaranmış mürəkkəb təhlükəsizlik mühiti və artan çağırışlar, müdafiə və təhlükəsizlik sistemində islahatlar və çağırışları nəzərə alaraq NATO-Gürcüstan əməkdaşlığının dərinləşdirilməsinin zərurəti barədə komitə üzvlərinə məlumat veriblər. NATO-nun Madrid Sammitində müdafiə qabiliyyətinin daha da gücləndirilməsini və müttəfiqlər tərəfindən effektiv tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən NATO-Gürcüstan paketinin gücləndirilməsi yoluyla “Gürcüstana uyğunlaşdırılmış dəstək sənədi”nin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Müdafiə Nazirliyindən Gürcüstanın NATO-nun Tərəfdaşlıq və Əməkdaşlıq Təhlükəsizlik Komitəsinə ilk dəfə ev sahibliyi etdiyi deyilir. Nazirlikdən verilən bəyanatda səfərin NATO-nun Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avro-Atlantik istəklərinə sarsılmaz dəstəyini bir daha təsdiqlədiyi deyilir.