Natia Turnava Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Natia Turnava Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natia Turnava Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Kubernat ilə görüşüb.

Milli Bankdan verilən məlumata görə, görüş çərçivəsində tərəflər Gürcüstan və Çexiya arasında çoxillik əlaqələrdən və iki ölkənin milli bankları arasında uğurlu əməkdaşlıqdan danışıblar.

Natia Turnava Gürcüstanın Avropaya inteqrasiya yolunda Çexiyaya verdiyi dəstəyə görə şəxsən Petr Kubernata təşəkkür edib və qeyd edib ki, Avropa İttifaqına tamhüquqlu üzv olmaq Gürcüstanın əsas məqsədidir.

GMB-nın prezident vəzifəsi icraçısı Çexiya səfirini Gürcüstanın maliyyə sektorunda mövcud vəziyyət və həyata keçirilən layihələr haqqında məlumatlandırıb. O, həmçinin Gürcüstanın regionda “fintech hub”a çevrilmək perspektivindən danışıb və maliyyə texnologiyaları bazarlarının inkişafı üçün nəzərdə tutulan layihələri təqdim edib. Onların arasında rəqəmsal lari layihəsi və açıq bank standartının uğurla tətbiqi də var. Petr Kubernat öz növbəsində Gürcüstanın fintech istiqamətində qabaqcıl mövqeyini vurğuladı.

Görüşdə tərəflər Çexiya Milli Bankı ilə mövcud potensialın inkişafı proqramını nəzərdən keçirmiş, onun əhəmiyyətindən və gələcəkdə də davam etdirilməsinin zəruriliyindən danışmışlar. Sözügedən proqrama təlimlərin, seminarların və vorkşopların keçirilməsi daxildir.

Qeyd edək ki, Çexiya tərəfi Beynəlxalq Valyuta Fondu və AYİB ilə birlikdə pul siyasəti çərçivəsinin işlənib hazırlanmasında, eləcə də maliyyə-iqtisadi sistemlərin Avropa standartlarına uyğunlaşdırılmasında Gürcüstana yardım edib.

Məlumatı Milli Bank yayıb.