Münhendə milli-sosializm tarix muzeyi və İsrail konsulluğu yaxınlığında atışmadan sonra polis silahlı şəxsi öldürüb
Münhendə milli-sosializm tarix muzeyi və İsrail konsulluğu yaxınlığında atışmadan sonra polis silahlı şəxsi öldürüb

 
Münhenin mərkəzində polis silahlı şəxsi öldürüb.

“BBC”nin məlumatında, milli-sosializm tarix mərkəzinin yaxınlığında atışma səsinin səhər saatlarında eşidildiyi deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açmaqda şübhəli bilinən şəxsi yaralayıblar, daha sonra polis orqanında şəxsin dünyasını dəyişdiyini bildiriblər.

Hüquq-mühafizə orqanında izah edildiyi kimi, insident artıq başa çatıb və vətəndaşlar üçün təhlükə yoxdur.

Nasist diktaturasının tarixi sənədlərinin saxlanıldığı mərkəz Münhenin Maksforştadt rayonunda, İsrailin Baş Konsulluğunun yanında yerləşir.

İsrailin Cənubi Almaniyadakı baş konsulu Talia Lador hadisə ilə bağlı bəyanat verib və Münhen polisinə minnətdar olduğunu qeyd edib. O, bugünkü insidentin antisemitizmin böyüməsi təhlükəsini göstərdiyini bildirib.

Bundan əvvəl polis orqanında insident ilə əlaqədar genişmiqyaslı əməliyyatın aparıldığını bildirmişdilər. Şəhərin mərkəzindəki ərazi bağlanmışdı. İnsanlardan əməliyyat rayonundan uzaq durmaq, yaşayış binalarında və ya ofis binalarında olanlardan isə tikililərdə qalmaq xahiş edildi. Həmçinin, əməliyyata polis helikopteri cəlb olunmuşdu.

Alman mediasının məlumatına əsasən, şübhəli şəxs tarixi sənədləşdirmə mərkəzinə çiyninə asılmış silahla yaxınlaşıb.

Yerli jurnalistlər hadisənin 1972-ci ilin Olimpiadasında fələstinli terrorçuların Münhendə 11 israilli idmançını öldürdüyü qətliamların ildönümündə baş verdiyinə diqqət çəkiblər.

Almaniyanın daxili işlər naziri Nensi Fezer Münhendə “ciddi insident” baş verdiyini və İsrailin obyektlərinin mühafizəsinə ən yüksək prioritet verildiyini bildirib.

Bavariyanın daxili işlər naziri Yoahim Herman bildirib ki, insident nasizm tarix muzeyi, İsrail konsulluğu, eləcə də ABŞ-la münasibətlərə dair sərgi və proqramların keçirildiyi yaxınlıqdakı “Amerikahaus” ilə bağlıdır.