Müxalifətin bir hissəsi xalq müdafiəçisinin seçilməsi prosedurları ilə bağlı "Gürcü Arzusu"nun hazırladığı dəyişiklikləri dəstəkləyib
Müxalifətin bir hissəsi xalq müdafiəçisinin seçilməsi prosedurları ilə bağlı “Gürcü Arzusu”nun hazırladığı dəyişiklikləri dəstəkləyib. Dəyişikliklər bu gün keçirilən plenar iclasda birinci oxunuşla, 88 səslə yekdilliklə təsdiq edilib. Müxalifətdən, konkret olaraq “Milli Hərəkat”dan altı deputat, “Avropalı Sosialistlər”dən iki deputat, “Lelo”dan iki deputat və altı bitərəf deputat qanunlayihəni dəstəkləyib. Müxalifət partiyalarından olan bu deputatlar Levan Bejaşvili, Roman Qotsiridze, Qriqol Vaşadze, Avtandil Enukidze, Pridon İncia, Davit Kirkitadze, Tamar Kordzaia, Ana Natsvlişvili, Davit Usupaşvili, Sulxan Sibaşvili, Davit Xacişvili və Temur Canaşiadır. Dəyişikliyə əsasən, xalq müdafiəçiliyinə namizəd yeni prosedurla seçiləcək.
Belə ki, layihəyə əsasən, 2022-ci ildə Gürcüstanın xalq müdafiəçisi vəzifəsinə namizədlər parlament sədrinin əmri ilə müəyyən edilmiş qayda əsasında parlamentə təqdim olunacaq. Parlament sədrinin əmri ilə vətəndaş cəmiyyətinin, o cümlədən akademik və peşəkar dairələrin iştirakının təmin ediləcəyi xüsusi qiymətləndirmə işçi qrupunun yaradılması müəyyən edilir. Qiymətləndirmə işçi qrupunun tərkibinin 9 üzvlə müəyyən edilməsi planlaşdırılır. Namizədlər parlamentə seçilmək üçün təqdim edilməzdən əvvəl işçi qrupunun üzvləri tərəfindən dürüstlük, yüksək reputasiya, qərəzsizlik, müstəqillik, müvafiq peşə bilikləri (ixtisas, elmi dərəcə, elmi nailiyyətlər və s.) , insan hüquqları və əsas azadlıqları sahəsində praktik təcrübə kimi meyarlar əsasında qiymətləndiriləcək.
İşçi qrup tərəfindən namizədlərin qiymətləndirilməsindən sonra parlamentin reqlamentinə uyğun olaraq xalq müdafiəçiliyinə namizəd irəli sürmək səlahiyyəti olan subyektlər-fraksiya və siyasi qruplar qiymətləndirmə prosesində iştirak etmək üçün Gürcüstan parlamentinə müraciət etmiş namizədlər arasından Gürcüstan parlamentinə namizədlər təqdim etmək imkanı əldə edəcəklər. İrəli sürülən namizədlərin ümumi sayının 7 nəfərdən az olmaması müəyyən ediləcək.