Müxalifət nümayəndələri Orbeliani sarayında Gürcüstan Prezidenti ilə görüşüblər. Bu gün Salome Zurabişvili “Gürcüstan naminə” partiyasının üzvləri Natia Mezvrişvili və Ana Buçukuri, “Lelo”nun üzvü Salome Samadaşvili və Xatia Dekanoidze ilə fərdi görüşlər keçirib.
Müxalifətçi deputatlar görüşün əsas mövzusunun Avropa Komissiyasının 12 tövsiyəsi olduğunu bildiriblər. Bundan əlavə, onlar görüşün təşəbbüskarının Gürcüstan Prezidentinin özü olduğunu qeyd ediblər.
Buçukurinin görüşdən sonra qeyd etdiyi üzrə, prezidentlə söhbətdə ölkənin Avropaya inteqrasiya prosesinə toxunulub.
“Biz hökumətin gördüyü bu işlər fonunda ölkəmizə, Avropaya inteqrasiya prosesinə necə kömək edə və dəstəkləyə biləcəyimizi danışırdıq. Bilirsiniz ki, namizəd statusu ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. Ümid edirik ki, geosiyasi səbəblərdən irəli gələrək sonda müsbət qərar veriləcək və Avropa İttifaqının qapısı Gürcüstanın üzünə bağlanmayacaq. Təsdiq edirəm ki, görüşlə bağlı təşəbbüs Prezident Administrasiyasından gəlib. İmpiçmentlə bağlı heç bir söhbət olmayıb”-deyə Ana Buçukuri bildirib.
Bundan əlavə, Xatia Dekanoidze prezidentin əsas səylərinin Gürcüstanın namizəd statusu almağa yönəldiyini bildirib. Dekanoidzenin qeyd etdiyi kimi, bir daha prezidentə impiçmenti dəstəkləməyəcəyini deyib.
“Söhbət Gürcüstana namizəd statusunun verilməsi perspektivindən gedirdi. İndi olduğumuz mərhələ çox mühümdür. Biz tez-tez bu istiqamətdə fikirlərimizi bölüşürük və Gürcüstan Prezidenti də bizimlə bölüşür. Onun əsas səyləri, həqiqətən də, özünün dediyi kimi və hamımızın gördüyümüz kimi, Gürcüstanın namizəd statusu almasına yönəlib. Mən şəxsən ona çox qəti mövqeyimi bildirdim ki, impiçmenti dəstəkləməyəcəyəm” – Dekanoidze qeyd edib.
Salome Samadaşvili bildirib ki, prezident hökumətin sabotajından son dərəcə narahatdır və rus arzusunun həyata keçməməsi və ölkəyə namizəd statusu verilməsi üçün yol tapmaq istəyir.
“Gürcüstan Prezidenti onun təşəbbüsü ilə keçirilən bu görüşdə başa düşdüyüm kimi son dərəcə narahatdır, bir tərəfdən Avropa İttifaqının əslində bizə yolun siyasi baxımdan açıq olduğunu dediyini görürük. Digər tərəfdən Gürcüstanın namizəd statusu alması üçün ölkənin indiki hökuməti sözügedən prosesi sabotaj edir. O, bu faktdan narahatdır. Aydındır ki, bu sabotajın tərkib hissəsi və ən mühüm hissələrindən biri hakim komandanın başlatdığı impiçment prosesidir”- deyə Salome Samadaşvili qeyd edib.