Müdafiə Qüvvələrinin aviasiya parkının yenilənməsi fəal şəkildə davam etdirilir
Müdafiə Qüvvələrinin hərbi aviasiyasının gücləndirilməsi və mövcud uçuş vasitələrinin bərpa-yenidənqurma-modernləşdirilməsi işləri fəal şəkildə davam etdirilir. Aviasiya parkına daha bir yenilənmiş “Su-25” əlavə edilib. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.
MN-dən verilmiş məlumatda bildirilir ki, müdafiə naziri Cuanşer Burchuladze Marneulidəki qarışıq aviasiya eskadrilyasının bazasında olub və aviasiya vasitələrinin inkişafı prosesi ilə tanış olub. Müdafiə naziri təlim prosesini də müşahidə edib və yenilənmiş təyyarənin sınaq uçuşuna qatılıb. Nazirlə birlikdə Müdafiə Qoşunları komandanının müavini general-mayor Coni Tatunaşvili və Aviasiya və Hava Hücumundan Müdafiə komandanı, polkovnik Serqo Ninua qarışıq aviasiya eskadrilyasının bazasında olublar.
Müdafiə Nazirliyinin məlumatına görə, gürcü mütəxəssislərinin gördüyü işlər nəticəsində “Delta” ASC və “TAM” ASC-nin birgə səyləri ilə 7 ədəd “Su-25” tipli təyyarə artıq yenilənib. Həmçinin 3 ədəd “L-39” tipli təlim-döyüş uçuş aparatının təmiri üzrə işlər davam etdirilir. Uçuş aparatlarının bərpa-modernləşdirilməsi müqavilənin qrafikinə uyğun olaraq həyata keçirilir. Eyni zamanda pilotlar və texniki heyət kvalifikasiya və ixtisaslarına uyğun olaraq təlim keçirlər.