Gürcüstanın müdafiə naziri Cuanşer Burculadze NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolominanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Cuanşer Burculadze Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi qəti dəstəyə görə Xavier Kolominaya təşəkkür edib.
“Görüşdə tərəflər regiondakı təhlükəsizlik mühiti və çağırışlardan danışıblar. Ukraynada baş verən proseslər və artan təhlükəsizlik çağırışları fonunda müdafiə naziri Gürcüstanın müdafiə qabiliyyətinin, dayanıqlığının, kibermüdafiə qabiliyyətinin, NATO ilə uyğunluğun artırılmasına diqqət yetirib və bu prosesdə alyansın siyasi və praktiki əməkdaşlığının dərinləşdirilməsinin zəruriliyindən danışıb.
Cuanşer Burculadze NATO-Gürcüstan Əsas Paketində (SNGP) nəzərdə tutulan təşəbbüslər çərçivəsində əldə olunan uğurlar və həyata keçirilən fəaliyyətlər barədə alyansın nümayəndəsinə məlumat verib. Madrid sammitində verilən və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsini, mühüm paketin gücləndirilməsini və müttəfiqlər tərəfindən səmərəli tədbirlərin həyata keçirilməsini nəzərdə tutan “Gürcüstana uyğunlaşdırılmış dəstək sənədi”nə xüsusi diqqət yetirilib.
Gürcüstan tərəfinin nümayəndələri ümidvar olduqlarını bildiriblər ki, NATO-nun Vilnüs şəhərində keçiriləcək növbəti sammitində alyans Gürcüstanın üzvlüyünə dəstəyini təsdiqləyəcək və praktiki əməkdaşlıq dairəsini genişləndirəcək” – Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi regional tur çərçivəsində Gürcüstanda işgüzar səfərdədir.