Mtsxeta Munisipalitetinin Muxrani kəndində yeni ambulatoriya açılıb
Mtsxeta Munisipalitetinin Muxrani kəndində yeni ambulatoriya açılıb, ambulatoriyada həmçinin təcili tibbi yardım mərkəzi yerləşir.
Səhiyyə naziri ambulatoriya və təcili yardım mərkəzinin binasına baxış keçirib. Mixeil Sarcveladze, yerli əhalinin fasiləsiz, yerindəcə yüksək keyfiyyətli ilkin tibbi yardım, təcili və digər tibbi xidmətlər almasının mühüm olduğunu deyib. Ambulatoriya lazımi avadanlıqla təchiz olunub.
Tibb məntəqəsində sakinlərə yüksək ixtisaslı mütəxəssislər xidmət edəcəklər. Kənd həkimlərindən başqa, vaxtaşırı Tbilisidən dəvət olunmuş müxtəlif profilli həkimlər pasiyentlərə məsləhət verəcəklər.
Binaya teletibb cihazı da inteqrasiya olunub, onun vasitəsilə dermatoloq, kardioloq, otorinolarinqoloq və oftalmoloqun konsultasiyasını uzaqdan aparmaq mümkündür. Bu, skrininq və diaqnostika xidmətlərinin inkişafına kömək edir. Həmçinin, keyfiyyətli tibbi xidmətə çıxışı artırır.
Ambulatoriya Muxrani və Kandanın 7 minədək sakininə, Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzi isə Muxrani və ətraf kəndlərdə yaşayan vətəndaşlara xidmət göstərəcək.
Mixeil Sarcveladze ilə birlikdə ərazidə olublar: nazir müavini Tea Qiorqadze, Sağlamlığın Müdafiəsi və Sosial Məsələlər Komitəsinin üzvü Dimitri Xundadze, Mtsxeta-Mtianeti bölgəsi üzrə dövlət müvəkkili Davit Nozadze, Mtsxeta Munisipalitetinin meri Dimitri Zurabişvili. Həmçinin – Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin, Tibb Holdinqinin rəhbərləri, Səhiyyə Nazirliyinin və yerli hakimiyyətin nümayəndələri.
Qeyd edilməlidir ki, ölkə miqyasında bu gün 1004 kənd ambulatoriyası fəaliyyət göstərir.
Məlumatı Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır.