Milli Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin oktyabr ayında tikinti xərcləri indeksi bir əvvəlki ayla müqayisədə 0,8 faiz artıb.
MSX-in məlumatına görə, bu dəyişiklik əsasən tikinti işçilərinin orta aylıq nominal əmək haqqının 4,4 faiz artması ilə əlaqədar olub ki, bu da ümumi indeks dəyişikliyinə 0,7 faiz bəndi töhfə verib.
“Ötən ilin müvafiq ayı ilə müqayisədə tikinti xərclərinin indeksi 6,8 faiz artıb. İndeksin artımına daha çox tikinti sahəsində çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 31,5 faiz, tikinti materiallarının qiymətlərinin isə 3,2 faiz artması səbəb olub ki, bu da indeksin ümumi dəyişməsində müvafiq olaraq 5,07 və 1,96 faiz bəndi təşkil edib. Bundan əlavə, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 20,1 faiz artıb. – MSX-nin dərc etdiyi məlumatda qeyd olunur.