Moskva məhkəməsi "ekstremizm" motivi ilə Rusiyada "Facebook" və "Instagram"-ın fəaliyyətinə qadağa qoyub
Moskvanın Tverskoy məhkəməsi “Facebook” və “Instagram” sosial şəbəkələrinin Rusiyada fəaliyyətini “ekstremizm” motivi ilə qadağan edib. Bu barədə Rusiya mətbuatı məlumat yayır.
Mövcud məlumata görə, məhkəmənin çıxardığı qərar dərhal icra olunmalıdır.
Baş Prokurorluq adıçəkilən sosial şəbəkələrin sahibi “Meta” şirkətini ekstremistlikdə ittiham edərək məhkəməyə verib. Prokurorluğun məlumatına görə, onlar rusları hüquqlarının növbəti dəfə pozulmasından qorumaq niyyətindədirlər.
Prokurorların sözlərinə görə, ekstremist məlumat həm ayrı-ayrı şəxsləri, həm də bütövlükdə cəmiyyəti təhdid edir və şirkət Rusiya hərbçilərinin öldürülməsinə dair çağırışları yaymaqla öz qaydalarını pozub.
Əlavə olaraq vurğulanır ki, məhkəmə qərarı “Meta”-ya məxsus olan “WhatsApp” messencerə şamil edilmir.