Moldovanın baş naziri- İlia Darçiaşvili ilə görüşdə ölkələrimizin qarşısında duran çağırışları müzakirə etdik, ölkələrin öz yolunu və gələcəyini müəyyən edə bilməsi fikrini bölüşürük
Moldovanın baş naziri Natalia Qavrilitsa Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə görüşdə Gürcüstan və Moldovanın qarşısında duran çağırışları müzakirə etdiklərini bildirib.
Natalia Qavrilitsa ölkələrin öz gələcəyini müəyyənləşdirə bilməli və beynəlxalq hüququn qorunmalı olması fikrini bölüşdüklərini bildirib.
Bununla yanaşı, Natalia Qavrilitsa Gürcüstan və Moldovanın Avropaya inteqrasiya yolunda ümumi istəklərinin olduğunu bildirib.
“Çox məhsuldar görüş keçirdik. Bu ədalətsiz müharibə nəticəsində Gürcüstan və Moldovanın üzləşdiyi çağırışları müzakirə etdik. Bunun ölkələrimizə necə təsir etməsinin təfərrüatları fərqlidir, lakin biz ölkələrin öz gələcəyini, yolunu müəyyənləşdirə bilməli və beynəlxalq hüququn qorunmalı olması fikrini bölüşürük. Ölkələrimizin Avropaya inteqrasiya yolunda inkişafı baxımından ümumi istəklərimiz var” – deyə Moldovanın baş naziri bildirib.
Həmçinin, Natalia Qavrilitsa Gürcüstanla iqtisadi əlaqələrin yaxşılaşdırılmasının vacibliyinə diqqət çəkib.
“Biz artan siyasi əməkdaşlığımızı müzakirə etdik, lakin iqtisadi əlaqələrin yaxşılaşdırılmasına da ehtiyac duyuruq. Təəssüf ki, bu müharibənin nəticələrindən biri logistika zəncirinin məhv olmasıdır, ölkələrimiz arasında ticarət bir qədər azalıb. Beləliklə, biz bu istiqamətdə təkmilləşdirmə qərarlarından, həmçinin iqtisadi əməkdaşlığa təkan vermək üçün may ayında birgə iqtisadi komitənin yaradılması perspektivindən danışdıq” -deyə Moldovanın baş naziri Natalia Qavrilitsa qeyd edib.