Minlərlə psixotrop dərman reseptinin qanunsuz olaraq verilməsinə görə 3 tibb müəssisəsi və həkimlərin fəaliyyəti qadağan edilib
Səhiyyə Nazirliyinin Tibb və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyi tərəfindən “Ambulator Klinika” MMC-nin Tbilisi və Qori filiallarında, eləcə də “Hamı Üçün Sağlamlıq 3” MMC-də aparılan yoxlamalar nəticəsində müəyyən edilib ki, müəssisələr tərəfindən qeyri-qanuni yollarla, heç bir tibbi müayinədən keçmədən güclü təsir göstərən psixotrop dərman reseptləri verilib, – bu haqda məlumatı Səhiyyə Nazirliyi yayır.
Onların verdiyi məlumata görə, təkcə bu il adıçəkilən tibb müəssisələrində tibbi göstəriş olmadan 3457 psixotrop dərman resepti verilib ki, bu görünməmiş rəqəmdir və Gürcüstanda verilən reseptlərin ümumi sayının təxminən 50%-ni təşkil edir.
“Qeyd edək ki, resept verilərkən tibbi müalicə prinsipləri, dozası və müddəti nəzərə alınmayıb. Konkret olaraq, həkim həddindən artıq dozada, xəstənin sağlamlığına xeyli ziyan vuran psixotrop dərmanlar təyin edib. Bütün müalicə protokolları və təlimatları pozulub.
Minlərlə xəstənin tibbi sənədlərinin öyrənilməsi və təhlili nəticəsində müəyyən edilib ki, klinikanın direktoru və tibb işçiləri vicdansızlıq ediblər, minlərlə pasiyentin həyat və sağlamlığına bərpası mümkün olmayan zərər vurublar, qanunsuz və güclü psixotrop dərmanların ölkədə nəzarətsiz dövriyyəsinə təşviq göstəriblər.
Qeyd edək ki, hər üç qurumun bir sahibi və ümumi tibb işçiləri var. Sözügedən poliklinikaların fəaliyyəti qeyri-qanuni olaraq psixotrop dərmanların yazılmasından ibarət idi.
Səhiyyə Nazirliyinin ixtisas inkişaf şurası adıçəkilən qurumun 3 həkiminin dövlət sertifikatını ləğv edib. Yaranmış ağır vəziyyəti nəzərə alaraq, Tibbi və Əczaçılıq Fəaliyyətini Tənzimləmə Agentliyinin müraciəti əsasında məhkəmə hər üç qurumun, başçının və 3 həkimin fəaliyyətini qadağan edib.
İş Gürcüstanın Daxili İşlər Nazirliyinə, Prokurorluğuna və Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib”, – Səhiyyə Nazirliyindən bildiriblər.
Müəllif -
Mehemmed Bayramaliyev