Milli Rəqabət Agentliyi əczaçılıq bazarında 4 şirkətlə bağlı təhqiqata başlayıb
Gürcüstanın Milli Rəqabət Agentliyi əczaçılıq bazarında dörd şirkətlə bağlı təhqiqata başlayıb. Bu barədə məlumatı Rəqabət Agentliyi yayır.
Qurumun yaydığı məlumatda məsələnin xroniki və onkoloji dərmanların idxalçıları, satıcıları tərəfindən son vaxtlar kəskin qiymət artımı və ehtimal edilən, eyni qiymətqoymanın tətbiqi ilə bağlı olduğu deyilir.
“Təhqiqat əczaçılıq şirkətlərinin hərəkətlərinin rəqabət qanunvericiliyinə uyğunluğu ilə əlaqədar Gürcüstanın işğal olunmuş ərazilərindən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin ictimaiyyətə açıqladığı məlumat və açıqlamalara əsaslanıb.
Təhqiqat dominant mövqedən mümkün sui-istifadə və rəqabətin mümkün məhdudlaşdırıcı razılaşmalarının nəzərdə tutulduğu iki istiqamətdə başlayıb.
Haqqında təhqiqat aparılan şirkətlər və əczaçılıq assosiasiyaları prosesdə öz mövqelərini/açıqlamalarını təqdim etmək imkanı əldə edəcəklər.
2022-ci ildə əczaçılıq bazarında həyata keçirilən monitorinqlər çərçivəsində agentlik rəqabət mühitinin yaxşılaşdırılması üçün 13 tövsiyə verib. Verilmiş tövsiyələrin icrası prosesi davam edir, onlardan yeddi tövsiyə tam və ya qismən icra olunub. Həmin dövrdə Gürcüstan hökumətinin qərarı ilə Türkiyə Respublikasından dərman vasitələrinin paralel idxalı mexanizmi işə salınıb. Nəticədə keyfiyyətli dərman vasitələrinə çıxış imkanları artdı, maliyyə çatımlılığının artması nəticəsində istifadəçi pərakəndə satış bazarında təxminən 250 milyon lari qənaət etdi. İstinad qiymətqoyma və bazarda həyata keçirilən/davam edən islahat şəraitində qeyd olunan göstəricinin xeyli artması gözlənilir.
Hazırda Milli Rəqabət Agentliyində 4 təhqiqat işi – razılaşdırılmış hərəkət, dominant mövqedən sui-istifadə, haqsız rəqabət və inzibati qurum tərəfindən rəqabətin mümkün məhdudlaşdırılması halları müzakirə olunur. 2023-cü ildə qurum bir təhqiqatı başa vurub və inzibati orqan tərəfindən rəqabətin məhdudlaşdırılması faktını müəyyən edib.
Məlumat üçün: agentlik işin təhqiqatına başlandıqdan sonra 6 aydan gec olmayaraq müvafiq qərar qəbul edir. Məsələnin vacibliyini və mürəkkəbliyini nəzərə alsaq, təhqiqat prosesi 18 aya qədər davam edə bilər.
Rəqabətə zidd hərəkətə yol verilməsi müəyyən edildiyi təqdirdə, qanun, qanun pozuntusuna yol vermiş iqtisadi subyektin əvvəlki maliyyə ilinin dövriyyəsinin 5%-ə qədəri məbləğində cərimə nəzərdə tutur” – deyə Rəqabət Agentliyinin məlumatında qeyd olunur.