Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 32 yaşı tamam oldu. Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili və Milli Qvardiyanın komandanı, briqada generalı Roman Coxadze qvardiyanın şəxsi heyətini və veteran qvardiyaçıları peşə günü münasibətilə təbrik ediblər. Onlar tədbirə toplaşan hərbçilər qarşısında çıxış edərək Milli Qvardiyanın müdafiə qüvvələri üçün vacib roluna diqqət çəkiblər.
Müdafiə Nazirliyindən verilən məlumatda tədbirdə müdafiə nazirinin müavinlərinin, Müdafiə Qüvvələrinin komandanının müavinlərinin, veteranlar və Müdafiə Qüvvələrinin nümayəndələrinin iştirak etdiyi deyilir. Müdafiə Nazirliyinin rəhbər şəxsləri Gürcüstanın birliyi uğrunda döyüşlərdə, sülh missiyaları zamanı və xidməti borcunu yerinə yetirərkən həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar.
Milli Qvardiyanın nümayəndələri idarə medalları, sertifikatlar və ştat silahları ilə təltif olunublar. Milli Qvardiyanın quruculuğunda və inkişafında xüsusi xidmətlərinə görə “Ağ Qiorqi” medalı ilə aşağıdakılar təltif ediliblər: general-leytenant Davit Tevzadze, general-mayor Qiorqi Ğarğaraşvili, general-mayor Koba Kobaladze və polkovnik Koba Basaria.
Gürcüstan Milli Qvardiyası 1990-cı ilin dekabrın 20-də Gürcüstan Ali Şurasının qəbul etdiyi qanun əsasında yaradılıb.