Milli Bankın vitse-prezidenti yenidən maliyyələşdirmə dərəcəsinin azaldılması məsələsini gələn həftə müzakirə edəcəklərini bildirir
Gürcüstanın Milli Bankının vitse-prezidenti Papuna Lejava yenidən maliyyələşdirmə dərəcəsinin azaldılması məsələsini mayın 10-da müzakirə edəcəklərini, lakin əvvəlcədən qərar barədə danışa bilməyəcəyini söyləyib.
“Mayın 10-da pul siyasəti komitəmizin iclası olacaq. Proqnoz verməkdə çətinlik çəkirəm. İlkin hansı göstəriciləri görürüksə, ilin əvvəlindəki gözləntilərimizlə təxminən eynidir. İlin ikinci yarısından pul siyasətini yumşaltmağa başlamağın mümkün olduğunu deyirdik. Biz bu məsələni əvvəlki komitələrdə müzakirə belə etməmişik, çünki risklər hələ də yüksək idi. Növbəti komitədə biz mütləq yenidən maliyyələşdirmə dərəcəsinin azaldılması istiqamətində aktiv müzakirə aparacağıq, lakin bununla bağlı hansı qərarı verəcəyimizi əvvəlcədən deyə bilmərəm” -deyə Lejava açıqlayıb.
O, indiki inflyasiyanın azalmaqda və hədəf göstəriciyə yaxınlaşmaqda olduğunu , lakin bunun, hələ də böyük ölçüdə xarici amillərlə bağlı olduğunu bildirib.
“Daxili amillərə gəlincə, illik inflyasiya hədəfdən yüksəkdir və altı faizdir. Daxili inflyasiyada da azalma tendensiyası var, hərçənd biz əmin olmalıyıq ki, bu tendensiya geri dönməzdir və geriyə dönüş riskləri yoxdur. Daxili inflyasiyada əsasən xidmət və Gürcüstanda istehsal olunan məhsullar nəzərdə tutulur. Miqrasiyanın təsiri hələ də yüksəkdir, lakin miqrasiya dalğasının başlamasından bir il keçib və bunun təbii baza effekti olacaq. Həmçinin bizim statistikada miqrant bir ildən artıq qalanda artıq turist sayılmır, artıq yerli rezident sayılır. Müvafiq olaraq, bunun bəzi statistik yerdəyişmələri ola bilər, lakin bu günə olan vəziyyətə görə miqrantların təsiri hələ də yüksəkdir. Mayın 10-u üçün əlavə məlumat alacağıq və bundan sonra qərar qəbul edəcəyik”-deyə Lejava açıqlayıb.