Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze Gürcüstan Milli Bankının baş ofisində Amerika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Kelli Deqnan ilə görüşüb.
Milli Bankın məlumatına görə, görüşdə Ukraynada davam edən müharibənin qlobal maliyyə sisteminə təsirləri və regiondakı mövcud çağırışlar müzakirə olunub. Koba Qvenetadze Beynəlxalq Valyuta Fondunun Gürcüstanın makroiqtisadi sabitliyinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə kömək edəcək yeni proqramının əhəmiyyətini vurğulayıb. Görüşdə Gürcüstan Milli Bankının gördüyü tədbirlər və Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ-ın Rusiya maliyyə sektoruna tətbiq etdiyi sanksiyalara əməl edilməsi istiqamətində GMB tərəfindən atılan konkret addımlara toxunulub.
“ABŞ səfiri ilə görüş son dərəcə vacibdir, çünki Amerika Gürcüstanın sadiq dəstəkçisi və tərəfdaşıdır. Məhz ABŞ-ın iştirakı ilə Gürcüstanın maliyyə sektorunun sabitliyinə və inkişafına töhfə verən bir sıra mühüm layihələr həyata keçirilir. Mən ABŞ səfiri ilə GMB-ın qlobal çağırışlar fonunda həyata keçirdiyi islahatlar və atdığı addımlar barədə danışdım. Gürcüstan Milli Bankı həmişə beynəlxalq qətnamələrlə müəyyən edilmiş standartlara uyğun fəaliyyət göstərib və fəaliyyət göstərir. Milli Bank müharibənin ikinci günü Gürcüstanın maliyyə sektorunun nümayəndələrinə sanksiyalarda nəzərdə tutulan tələbləri yerinə yetirmək öhdəliyi barədə göstərişlər verib və eyni zamanda maliyyə sektorunun tənzimləyicisi olaraq bütün standartları və beynəlxalq qətnamələri qoruyur” – deyə Koba Qvenetadze bildirib.
Kelli Deqnan Amerika Birləşmiş Ştatlarının Milli Bankla əməkdaşlığı dəstəklədiyini və yüksək qiymətləndirdiyini bildirib.
” Gürcüstan Milli Bankının prezidenti və vitse-prezidenti ilə Gürcüstanın iqtisadi vəziyyəti ilə bağlı danışdım. Amerika Birləşmiş Ştatları Milli Bankla əməkdaşlığımızı dəstəkləyir və yüksək qiymətləndirir və biz Gürcüstanın iqtisadi inkişafı, sabitliyi və rifahı üçün digər tərəfdaşlarla işləməyə hazırıq. İqtisadiyyatın koronavirus pandemiyası və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan şokun aradan qaldırılması prosesində olmasından olduqca şadam. Fikrimcə, bu sabitlik Milli Bank və Amerika Birləşmiş Ştatlarının möhkəm əməkdaşlığı ilə də bağlıdır” – deyə Kelli Deqnan bildirib.