Milli Bank - yüksək yerli inflyasiya bir tərəfdən ərzaq qiymətlərinin illik artımı, digər tərəfdən isə xidmətlərin bahalaşması ilə əlaqədardır
2023-cü ilin fevral ayında illik inflyasiya 8,1% təşkil edib, yanvar ayı ilə müqayisədə isə qiymətlər 0,3%-lə azalıb -bu barədə Gürcüstanın Milli Bankı məlumat yayır.
Mərkəzi Bankdan açıqlandığı üzrə Gürcüstanda inflyasiya pik dövrünü keçib və son aylarda azalma tendensiyası var.
“Beynəlxalq bazarlarda malların qiymətləri stabil olaraq aşağı düşür, beynəlxalq daşımaların dəyəri də ucuzlaşır. Bu tendensiyalar Gürcüstan bazarına keçəcək və larinin möhkəmlənməsi fonunda inflyasiyanı azaldır. Sərt pul siyasəti də inflyasiyanın azalmasına kömək edir. Fevral ayında əvvəlki ayla müqayisədə tərəvəz məhsullarının qiymətində ən nəzərəçarpacaq artım mövsümi amillərlə bağlı olub ki, bu da inflyasiyanı ümumilikdə 0,2 faiz bəndi artırıb. Əksinə, benzinin qiymətinin 6,5%-lə ucuzlaşması ayın inflyasiyasını 0,2 faiz bəndi azaldıb.
Fevralda ərzaq qiymətlərindəki artım illik inflyasiyaya 4,2 faiz bəndi töhfəsini verib. Bunlardan ən böyük komponentlər pendir, çörək, kartof və ətin illik qiymət artımıdır. Bu məhsulların töhfəsi 2,4 faiz bəndi təşkil edib. Son aylarda yanacağın (benzin, dizel və qaz yanacağı) tədricən ucuzlaşmasına paralel olaraq, yanacağın inflyasiyaya töhfəsi də azalırdı. Fevral ayında bu göstərici artıq mənfi 0,4 faiz bəndi olub.
İstehlak səbətindən ərzaq, enerji daşıyıcıları və siqaretlərin yüksək dəyişkən qiymətlərini istisna edən baza inflyasiyası fevralda 6,6% təşkil edib” – deyə Milli Bankın məruzəsində deyilir.
Bununla yanaşı, hesabatdan da aydın olduğu üzrə, inflyasiyanın azalması daha çox idxal inflyasiyasının azalması ilə bağlıdır.
“Son aylarda idxal inflyasiyasında azalma tendensiyası müşahidə olunur ki, bunu da beynəlxalq bazarlarda malların qiymətinin müəyyən sabitləşməsi, beynəlxalq daşıma xərclərinin azalması ilə birlikdə larinin məzənnəsinin möhkəmlənməsi təşviq edir. Fevralda idxal inflyasiyası 2,9%-ə qədər azalıb.
Yerli istehsal məhsulları üzrə inflyasiya əvvəlki ayla müqayisədə bir qədər azalıb, lakin yüksəkdir və 13,8% təşkil edir. Yerli inflyasiyanın yüksək olması bir tərəfdən ərzaq (çörək, pendir, ət) qiymətlərinin illik artması ilə, digər tərəfdən isə xidmətlərin bahalaşması ilə əlaqədardır ki, bunlardan da ən əsası, mənzil kirayəsinin (inflyasiyaya töhfəsi 0,7 faiz bəndi) və notariat rüsumları (0,3 faiz bəndi) qiymətlərinin bahalaşmasıdır”-deyə Mərkəzi Bankdan qeyd edirlər.