Milli Bank pul siyasəti üzrə faiz dərəcəsini dəyişməyərək 8,0 faiz səviyyəsində saxlayıb
Milli Bank pul siyasəti üzrə faiz dərəcəsini dəyişməyərək 8,0 faiz səviyyəsində saxlayıb

 
Gürcüstanın Milli Bankının Pul Siyasəti Komitəsi 2024-cü ilin iyulun 30-da keçirilən iclasında pul siyasəti üzrə faiz dərəcəsinin (yenidən maliyyələşdirmə dərəcəsi) dəyişməz qalması barədə qərar qəbul edib. Pul siyasəti üzrə faiz dərəcəsi 8,0 faiz təşkil edir.

Gürcüstanda inflyasiya hədəfdən- 3 faizdən aşağı olaraq qalır. Cari ilin iyun ayında qiymətlərin ümumi səviyyəsi illik 2,2 faiz artıb, baza inflyasiyası isə 1,4 faiz təşkil edirdi. İnflyasiyanın hədəf göstərici daxilində saxlanılması yerli istehsal olunan malların və xidmətlərin inflyasiyasının sabit səviyyəsi ilə şərtlənir. Bu, bir tərəfdən iqtisadiyyatda uzunmüddətli inflyasiya gözləntilərinin normallaşmasından xəbər verir, bu da sərtləşdirmə, eləcə də yumşalma istiqamətində ardıcıl pul siyasətinin təzahürüdür. Digər tərəfdən, iqtisadiyyatda artan rəqabət aşağı inflyasiyanı təşviq edir. Milli Bankın yenilənmiş proqnozuna əsasən, digər bərabər şərtlərdə, aşağı inflyasiya 2024-cü ildə də qorunub saxlanılacaq və ilin sonuna qədər, tədricən hədəf göstəriciyə yaxınlaşacaq. Yenilənmiş proqnoza əsasən, 2024-cü ildə inflyasiya orta hesabla 1,9 faiz olacaq.

Qeyd edilməlidir ki, inflyasiya təzyiqinə səbəb ola biləcək qlobal iqtisadi qeyri-müəyyənlik hələ də yüksəkdir. Son vaxtlarda beynəlxalq bazarlarda neft və ərzaq qiymətlərində dalğalanmalar, eləcə də Çindən daşınmaların dəyərinin bahalaşması tendensiyası müşahidə olunur ki, bu da idxal olunmuş mallarda inflyasiyanın artması riskini yaradır. Bundan əlavə, qlobal miqyasda mövcud geosiyasi gərginlik yenə də mühüm çağırışdır. Xarici amillər xaricində daxili iqtisadi aktivlik gözləniləndən daha güclüdür. Bu, həm də artan kredit fəaliyyəti ilə stimullaşdırılır ki, onun da əsas hərəkətverici qüvvəsi daxili tələbatdır. Lakin bu mərhələdə iqtisadiyyatın ümumi istehsal potensialı da artıb, bu da tələb tərəfdən inflyasiya təzyiqini azaldır.

Qeyd olunan riskləri nəzərə alaraq Gürcüstanın Milli Bankı pul siyasəti üzrə faiz dərəcəsini dəyişməyərək 8,0 faiz səviyyəsində saxlayıb. Pul siyasətinin normallaşmasına yönəlik belə ehtiyatlı yanaşma orta müddətli dövrdə inflyasiyanın hədəf göstəricisinə yaxın olması üçün vacibdir. İnflyasiya risklərinin reallaşmaması və inflyasiya risklərinin intensivliyinin yüngülləşməsi halında Milli Bank ehtiyatlı addımlarla siyasət faiz dərəcəsini neytral səviyyəyə endirməyə davam edəcək. İnflyasiya gözləntilərinə artım istiqamətində təsir edən amillərin yenidən ortaya çıxması halında, pul siyasətini sərtləşdirmək və ya mövcud sərt mövqeyi uzun müddət saxlamaq lazım gələ bilər.

Gürcüstanın Milli Bankı cari iqtisadi prosesləri və maliyyə bazarlarını davamlı olaraq müşahidə edir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək.

Pul Siyasəti Komitəsinin növbəti iclası 2024-cü ilin sentyabrın 11-də keçiriləcək.

Məlumatı Milli Bankın mətbuat xidməti yayır.