2022-ci ilin noyabr ayında Gürcüstana köçürülən vəsaitin həcmi əvvəlki illə müqayisədə 151,4 faiz artaraq 521,2 milyon ABŞ dolları, Gürcüstandan köçürülən vəsaitin həcmi isə 1,1 faiz artaraq 31,4 milyon ABŞ dolları təşkil edib. Bu barədə Milli Bankın dərc etdiyi hesabatda qeyd olunub.
“Noyabrda Rusiyadan pul köçürmələri yenə də yüksək olub və 316 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 9,2 dəfə çoxdur. Noyabrda region ölkələrindən, Qırğızıstandan pul köçürmələri yüksək templə, 206,4 faiz artıb. Qeyd etmək lazımdır ki, Ermənistandan pul köçürmələri 231,1 faiz artıb. Azərbaycan və Ukraynadan pul köçürmələri isə azalmaqda davam edir. ABŞ-dan pul köçürmələri də yüksək templə (20,0%) artıb. Ölkələr üzrə bölgüyə gəlincə, noyabrda pul köçürmələrinin əsas mənbəyi Rusiya (60,7%), Aİ ölkələri (18,4%) və ABŞ (5,5%) olub. Avropa İttifaqı ölkələri arasında İtaliya, Yunanıstan və Almaniyanın ümumi pul köçürmələrində yüksək payını qeyd etmək lazımdır”-deyə Milli Bankın dərc etdiyi hesabatda qeyd olunur.
Bununla yanaşı, Milli Bankın hesabatına əsasən, 2022-ci ilin noyabr ayında əvvəlki ayla müqayisədə larinin ABŞ dollarına nisbətdə orta məzənnəsi 2,7858-dən 2,7282-yə kimi 2,1 faizlə möhkəmlənib, avroya nisbətən isə 1,7 faizlə ortalama 2,7326-dan 2,7786-ya qədər ucuzlaşıb. Mərkəzi Bankda açıqlandığı üzrə, noyabrda avro dollara nisbətdə möhkəmlənib, lari, erməni dramı və rus rublu möhkəmlənməyə meylli olub, türk lirəsi yenidən ucuzlaşıb, Azərbaycan manatı isə praktiki olaraq dəyişməz qalıb.