Milli Bank: May ayında bank sektorundakı depozitlərin həcmi 1 milyard laridən çox artıb

12:09, 26.06.2026

Gürcüstan Milli Bankının hesabatına əsasən, 2026-cı ilin may ayının sonuna bank sektorunda (banklararası depozitlər istisna olmaqla) yerləşdirilmiş depozitlərin həcmi 71,33 milyard lariyə çatıb. Bu, əvvəlki ayla müqayisədə 1,31 milyard lari və ya 1,87 faiz çoxdur.

Milli Bankın məlumatına görə, məzənnə təsiri nəzərə alınmadan depozitlərin illik artımı 22,06 faiz təşkil edib. May ayında müddətli depozitlər 1,35 milyard lari və ya 3,99 faiz artdığı halda, tələb olunanadək depozitlərin həcmi 40,88 milyon lari və ya 0,11 faiz azalıb.

Hesabata əsasən, may ayının sonuna depozitlərin lariləşmə səviyyəsi 54,93 faiz olub. Bu göstərici aprel ayı ilə müqayisədə 1,53 faiz bəndi yüksəlib.

Eyni zamanda, müddətli depozitlər üzrə orta illik faiz dərəcəsi 7,08 faiz təşkil edib. Milli valyutada yerləşdirilən depozitlər üzrə bu göstərici 8,83 faiz, xarici valyutada yerləşdirilən depozitlər üzrə isə 2,49 faiz olub.

Xarici valyutada yerləşdirilən depozitlərin strukturunda ABŞ dollarının payı 77,73 faiz, avronun payı isə 20,15 faiz təşkil edib.

Oxşar