Milli Bank - İyunda larinin real effektiv məzənnəsi illik 9,9%-lə ucuzlaşıb, nominal effektiv məzənnəsi isə 0,3%-lə möhkəmlənib
Milli Bank - İyunda larinin real effektiv məzənnəsi illik 9,9%-lə ucuzlaşıb, nominal effektiv məzənnəsi isə 0,3%-lə möhkəmlənib

 
Gürcüstanın Milli Bankı hesabatda valyuta bazarında mövcud vəziyyəti nəzərdən keçirib. Milli Bankın məlumatına əsasən, iyunda əvvəlki ayla müqayisədə larinin ABŞ dollarına nisbətdə orta məzənnəsi 2,7164-dən 2,8258-ə və ya 4,0%-lə, avroya nisbətdə isə 2,9340-dan 3,0421-ə və ya 3,7%-lə ucuzlaşıb.

Ayın sonunda larinin ABŞ dolları və avroya nisbətdə rəsmi məzənnəsi 2,8101 və 3,0082 təşkil edib. İyunda larinin dollara nisbətdə məzənnəsinin maksimal dəyəri 2,8693, minimal dəyəri isə 2,7914 olub.

“İyunda orta məzənnə ilə müqayisədə məzənnənin minimal və maksimal dəyərləri qeyri-bərabər kənara çıxıb. İyunda orta hesabla dollara nisbətdə rublun möhkəmlənməsi nəzərə çarpır, avro, türk lirəsi və lari ucuzlaşıb, Azərbaycan manatı və Ermənistan dramı isə praktiki olaraq dəyişməyib. Larinin real effektiv məzənnəsi illik 9,9%-lə ucuzlaşıb, aylıq ucuzlaşma isə 4,9% təşkil edib. Nominal effektiv məzənnə indeksinə gəlincə, illik möhkəmlənmə 0,3%-dir, aylıq ucuzlaşma isə 4,0%-dir. Effektiv məzənnənin ucuzlaşması ölkənin rəqabət qabiliyyətinə müsbət təsir göstərəcək, lakin idxal inflyasiyasına artan təzyiq yaradır. İyunda ticarət tərəfdaşlarından Türkiyə, Rusiya, Belarus, Ukrayna, ABŞ və Avrozonada illik inflyasiya Gürcüstandan yüksək, Ermənistan və Azərbaycanda isə aşağı olub. Əsas ticarət tərəfdaşı olan bəzi ölkələrdə inflyasiyanın azalması tendensiyası müşahidə olunur, lakin ümumilikdə qiymət səviyyəsi hələ də yüksək səviyyədə qorunub saxlanılır” – Gürcüstanın Milli Bankının hesabatında qeyd olunub.