Milli Bank - İnflyasiya hədəf göstəricidən aşağı qalır
Milli Bank - İnflyasiya hədəf göstəricidən aşağı qalır

 
Gürcüstanın Milli Bankının məlumatına əsasən, inflyasiya hədəf göstəricidən aşağı qalır.

Milli Bankın məlumatında, sentyabrda illik inflyasiyanın əvvəlki aylarla müqayisədə yenə azaldığı və 0,6% təşkil etdiyi deyilir. Onların məlumatına əsasən, avqustla müqayisədə qiymətlərin ümumi səviyyəsi 0,3% artıb.

Böyük ölçüdə yerli istehsal malları və xidmətin inflyasiya səviyyəsinin aşağı olması inflyasiyanın hədəf göstərici çərçivəsində saxlanılmasını şərtləndirir, bu da öz növbəsində uzunmüddətli inflyasiya gözləntilərinin sabitliyindən xəbər verir.

Ötən aylarla müqayisədə idxal inflyasiyasının azalması ümumi inflyasiyanın azalmasını əlavə olaraq dəstəkləyib. İstehlak səbətindən yüksək dəyişkənliklə seçilən qida, enerji daşıyıcıları və siqaret qiymətlərini istisna edən baza inflyasiyası 0,8% təşkil edib.

“Sentyabrda ötən ayla müqayisədə istehlak səbətinə ən çox mövsümi amillər təsir edib. İmereti pendirinin qiymətinin bahalaşması aylıq inflyasiyanı 0,2 faiz bəndi artırıb, alma, üzüm, xiyar və pomidorun ucuzlaşması isə ayın inflyasiyasını təxminən eyni miqdarda azaldıb. İllik ifadədə ən çox benzinin bahalaşması inflyasiyanı artırırdı. Ötən ilin sentyabrı ilə müqayisədə benzinin qiyməti orta hesabla 7,2% artıb, inflyasiyaya töhfəsi isə 0,3 faiz bəndi təşkil edib, lakin qeyd etmək lazımdır ki, əvvəlki aylarla müqayisədə benzinin ümumi inflyasiyaya töhfəsi azalıb, bu da baza effektinin tədricən tükənməsi ilə əlaqədardır. İnflyasiyanın azalmasını ən çox internet və elektrik enerjisinin haqqının müvafiq olaraq 0,4 faiz bəndi və 0,3 faiz bəndi ucuzlaşması şərtləndirirdi. Ərzaq qiymətləri ötən ilin sentyabrın qiymətlərindən 0,8% az olub (inflyasiyaya töhfə -0,2 faiz bəndi). Bunlardan ən diqqət çəkəni göyərti və İmereti pendirinin qiymətinin ucuzlaşmasıdır, bu da inflyasiyanı ümumilikdə 0,4 faiz bəndi azaldırdı” – Milli Bankın hesabatında deyilir.

Yerli inflyasiyaya gəlincə, Milli Bankın dərc etdiyi sənəddə qeyd edildiyi kimi, yerli inflyasiya aşağı səviyyədə qalıb və sentyabrda 1,2% təşkil edib.

“Xidmət inflyasiyasının azalması yerli inflyasiyanın aşağı səviyyəsini şərtləndirir, idxal inflyasiyasının son dövrlərdəki azalması isə əsasən, yanacağın bahalaşmasının səbəb olduğu baza effektinin tədricən azalmasının əksidir. Qarışıq inflyasiyada ən çox nəzərə çarpan yenə də elektrik enerjisi və antibiotiklərin illik ucuzlaşmasıdır. Sentyabrda xidmət inflyasiyası 1,6%-ə qədər azalıb. Qeyd etdiyimiz kimi, xidmət inflyasiyasının tədricən azalması böyük ölçüdə baza effektinin tükənməsi ilə bağlıdır. Bundan başqa, xidmət inflyasiyasının azalmasına iyul-avqust aylarında internetin dəyərinin azalması (1,7 faiz bəndi) əhəmiyyətli dərəcədə təsir edib” – Gürcüstanın Milli Bankının hesabatında yazılıb.