Milli Bankın Şurasının qərarına əsasən, Milli Bankın beynəlxalq valyuta ehtiyatlarına monetar qızıl əlavə edilib. Məlumatı Milli Bank yayır.
“Son illərdə dünyanın mərkəzi banklarının beynəlxalq ehtiyatlarında qızılın miqdarı əhəmiyyətli dərəcədə artır, bu da iki əsas amillə bağlıdır: birincisi – iqtisadi, maliyyə və geosiyasi çağırışlar zamanı qızıl təhlükəsiz və arzuolunan aktiv kimi qəbul edilir; İkincisi, qızıl portfeli şaxələndirmək üçün yaxşı vasitə hesab olunur.
Cari mərhələdə dünya miqyasında, ümumi valyuta ehtiyatlarının 1/8-i məhz qızıla yerləşdirilib, mərkəzi banklar isə ümumi qızılın 20%-nə sahibdirlər. 2023-cü il ərzində mərkəzi banklar ümumilikdə 1037 ton qızıl alıblar, bu da ona olan ümumi tələbin 28%-ni təşkil edir. O cümlədən Şərqi Avropa ölkələrində ən çox qızılı Polşa və Çexiyanın mərkəzi bankları toplayıb. Son göstəricilərə görə, 2023-cü ildə qızıl ehtiyatlarının həcmi 1,3% artıb. ABŞ ümumi qızıl ehtiyatlarının dörddə birinə – 25,4 faizinə, Almaniya – 10,5 faizinə, İtaliya və Fransa isə 7,6 faizinə malikdir.
Qeyd etmək lazımdır ki, ötən il Gürcüstanın Milli Bankı daxili valyuta bazarında rekord məbləğdə -1,5 milyard ABŞ dolları alıb, bu da ehtiyatların həcminin xeyli artması ilə nəticələnib. Bütün bunlar isə müstəqil Gürcüstan tarixində ilk dəfə olaraq Milli Bank üçün beynəlxalq ehtiyatlara monetar qızıl aktivlərini əlavə etmək imkanı yaradıb.
“Qərar qəbul edərək müstəqil Gürcüstan tarixində ilk dəfə olaraq valyuta ehtiyatlarımıza monetar qızıl əlavə etdik. Daim beynəlxalq ehtiyatları artırmağa çalışmaq bizim yanaşmamızdır, çünki bu, ölkəmizin iqtisadiyyatının “hava yastığı”dır. İndi biz nəinki artırır, həm də şaxələndiririk və ilk dəfə olaraq ölkəmiz, Mərkəzi Bank təhlükəsiz və hər zaman qiymətli aktivlərdən biri kimi beynəlxalq ehtiyatlara daxil edilmiş qızıla malik olacaq” – Natia Turnava açıqlayıb.
Milli Bankın Şurasının 2024-cü ilin 1 mart tarixli qərarına müvafiq olaraq, Milli Bank London qızıl külçələri bazarında 500 milyon ABŞ dolları həcmində, 7 ton ən yüksək dərəcəli (999,9) monetar qızıl- beynəlxalq standartlara uyğun külçələr şəklində alıb və hazırda Londonun özündə saxlanılır. Alınan qızılın həcmi, bu günə olan vəziyyətə görə, Milli Bankın beynəlxalq ehtiyatlarının təxminən 11%-nə bərabərdir. Sözügedən qızıl Gürcüstanda, Milli Bankın anbarına yerləşdiriləcək”- Milli Bankın məlumatında qeyd olunub.