Milli Bank bəyanat yayır
Milli Bank bəyanat yayır

 
Gürcüstanın Milli Bankı bəyanat yayır.

“MB Gürcüstan hakimiyyəti ilə birlikdə Milli Bankın ABŞ tərəfindən sanksiya tətbiq edilən şəxslərə göz yumması ilə bağlı bu gün qeyri-hökumət təşkilatlarının müəyyən hissəsinin yaydığı ittihama münasibət bildirir.

Gürcüstanın Milli Bankı tam məsuliyyətlə açıqlayır ki, sözügedən ittiham tamamilə əsassızdır və məqsədi təkcə ölkənin Mərkəzi Bankını deyil, bütün bank sistemini gözdən salmaq və ictimaiyyəti səhvə sürükləmək cəhdinə xidmət edir.

İndiyə qədər Gürcüstanın maliyyə sistemində sanksiyaların icrası prosesinin pozulması ilə bağlı heç bir konkret halın baş verməməsi şəraitində, qeyri-hökumət sektorunun belə bəyanatla çıxış etməsinə nəyin səbəb verməsi bəlli deyil.

Bundan irəli gələrək, Gürcüstanın Milli Bankını sanksiyaların pozulmasını təşviq etməkdə ittiham etmək qəti şəkildə qəbuledilməzdir. Üstəlik, biz heç vaxt, hətta müzakirə səviyyəsində də sanksiyalardan yayınmağa imkan vermirik. Gürcüstanın maliyyə sistemi beynəlxalq tərəfdaşlar tərəfindən qoyulan tələbləri dəqiqliklə yerinə yetirir. Bir sıra çağırışlara baxmayaraq, sanksiyaların icrası prosesi mümkün qədər şəffaf və səmərəlidir. Qaydalara edilən istənilən dəyişiklik konkret şəxslərin maraqlarına uyğun deyil, sanksiyaların icrası prosesinin yerli qanunvericiliyə və beynəlxalq tələblərə tam uyğunluğunu təmin etməyə xidmət edir.

Milli Bank beynəlxalq tərəfdaşlarla daim əlaqə saxlayır. Gürcüstanın maliyyə sistemi heç vaxt sanksiyalardan yayınmaq üçün yer olmayıb və gələcəkdə də olmayacaq, bizim beynəlxalq tərəfdaşlarımız buna inanırlar.

Gürcüstanın Milli Bankı və maliyyə sistemi gələcəkdə də ölkənin maliyyə sabitliyini gücləndirmək və möhkəmləndirmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”- deyə Milli Bankın bəyanatında deyilir.