Mixeil Xidureli - mikroqrant proqramı çərçivəsində bu il ölkəyə misli görünməmiş sayda, 1338 yeni sahibkar əlavə olunacaq
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstanda İstehsal Et” agentliyinin mikro və kiçik sahibkarlığı təşviqedici qrant proqramı çərçivəsində misli görünməmiş yüksək sayda 1338 yeni layihə qalib gəlib.
“Şadam ki, bu il dövlətin köməyi və Dünya Bankının dəstəyi ilə ölkəyə misli görünməmiş sayda- mindən çox yeni biznes əlavə olunacaq, bu isə öz növbəsində ölkəmizin iqtisadiyyatının dirçəlişinə töhfə verəcək. Qeyd etmək lazımdır ki, dövlət proqramlarının səmərəliliyi ildən-ilə artır və biz daha çox biznes ideyalarını dəstəkləyirik və onlara ideyaların reallaşdırılmasına, məhsulların şaxələndirilməsinə və ixraca çıxarmaqda köməklik göstəririk. Bununla yanaşı, qeyd etməliyəm ki, mikro və kiçik sahibkarlığı təşviqedici qrant proqramının qalibləri arasında bu il qadın sahibkarların sayı xeyli artıb və qaliblərin 50 faizini qadınlar təşkil edir. Proqramın builki qaliblərini təbrik edir, onlara uğurlar və məhsuldar fəaliyyət arzulayıram”- deyə agentliyin rəhbəri Mixeil Xidureli bildirib.
Bu il proqram çərçivəsində 300-dən çox iqtisadi fəaliyyət maliyyələşdiriləcək.
2015-ci ildən 2021-ci il də daxil olmaqla, mikro və kiçik sahibkarlığı təşviqedici qrant proqramı çərçivəsində 6901 layihə maliyyələşdirilib və investisiyaların həcmi 78 milyon laridən çox olub.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.