Mixeil Sarcveladze vətəndaşları "Covid" tənzimləmələri pozduqlarına görə tətbiq edilən cərimələrdən azad edən qanunvericilik təşəbbüsünün kimə şamil edildiyini izah edir
Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze, “Covid” pandemiyası zamanı tətbiq edilən cərimələrin silinməsi ilə bağlı sərəncam layihəsinin hazırlanmasının olduqca mühüm olduğunu bildirib.
Onun izahatına əsasən, qanunvericilik təşəbbüsü “Covid “pandemiyası zamanı tənzimləmələri pozduğuna görə şəxslərin inzibati, bəzi hallarda isə cinayət məsuliyyətindən azad edilməsi ilə bağlıdır.
“Bu gün Gürcüstan hökuməti nazirliyimiz tərəfindən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə əməkdaşlıqla hazırlanmış qanunvericilik təşəbbüsünün təsdiq edilməsi haqda qərar qəbul etdi. Təşəbbüs “Covid “pandemiyası zamanı tənzimləmələri pozduğuna görə şəxslərin inzibati, bəzi hallarda isə cinayət məsuliyyətindən azad edilməsi ilə bağlıdır.
Gürcüstanın Parlamenti tərəfindən qəbul ediləcəyi təqdirdə, qanunvericilik təşəbbüsünün şamil ediləcəyi şəxslərin sayı elə də az deyil. Bu, mühüm rəqəmdir, hazırda təxminən 1855 fiziki şəxs, 38 hüquqi şəxsin inzibati cərimə ödənişi şəklində borcu var. Məbləğ altı milyona yaxındır. Qanunvericilik təşəbbüsü hökumət tərəfindən bəyənilib, müvafiq olaraq o, Gürcüstanın Parlamentinə göndəriləcək. Qanun layihəsinin sürətləndirilmiş şəkildə müzakirəsi tələb olunacaq. Qanun layihəsinin parlament tərəfindən dəstəklənəcəyinə, qanuna çevriləcəyinə böyük ümid bəsləyirəm. Müvafiq olaraq, qanunvericilik tənzimləməsinin şamil olunduğu şəxslər üçün müəyyən güzəşt olacaq. Pandemiya dövrünün artıq keçməsi fonunda, bu qaydalar praktiki olaraq öz mənasını və funksiyasını itirib, dövlət tərəfindən bu cür güzəştin nəzərə alınması relevantdır, bu da bu fonda hərtərəfli şəkildə əsaslandırılıb”- Mixeil Sarcveladze bildirib.