Mixeil Sarcveladze Ermənistanda rəsmi səfərdədir
Səhiyyə naziri Mixeil Sarcveladze Ermənistanda rəsmi səfərdədir. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Mixeil Sarcveladze Ermənistanın əmək və rifah naziri Arsen Torosyanla görüşüb.
“Görüşdə Gürcüstan və Ermənistan arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Söhbət sosial müdafiə siyasəti və sosial xidmətlərdən, həmçinin vətəndaşlar üçün sosial servislərin əlçatanlığının və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətlərindən gedib.
Görüş çərçivəsində tərəflər müvafiq sahələrdə mövcud təcrübə və praktikalarını bir-biri ilə bölüşüb, əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Mixeil Sarcveladze Ermənistanın Vahid Sosial Xidmətində və Rifah İnformasiya Sistemləri Fondunda da olub. Nazir funksional imkanların və sosial ehtiyacların qiymətləndirilməsi sistemlərinin iş prinsipləri, sosial xidmətlərin göstərilməsi praktikası və məlumat sistemlərinin rəqəmsallaşdırılması istiqamətində mövcud yanaşmalarla tanış olub.
Vətəndaşların ehtiyaclarının qiymətləndirilməsi prosesinə, məlumatlardan səmərəli istifadə edilməsinə və ehtiyaclara uyğunlaşdırılmış sosial xidmətlərin müəyyən olunmasına xüsusi diqqət yetirilib.
Səfər çərçivəsində keçirilən görüşlərdə Gürcüstanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qiorqi Şarvaşidze iştirak edirdi“, – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.